Türkiyədə Azərbaycan xalçalarının sərgisi keçiriləcək

Türkiyədə Azərbaycan xalçalarının sərgisi keçiriləcək

Martın 13-də İstanbulda dünyanın ən iri islam mədəniyyəti nümunələrinin saxlandığı Türk və İslam Əsərləri Muzeyində qədim və nadir Azərbaycan xalçalarının sərgisi və kitab-kataloqun təqdimat mərasimi keçiriləcək.

Birmillet.az xəbər verir ki, Azərbaycan Milli Xalça Muzeyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Türk və İslam Əsərləri Muzeyi kolleksiyasından Azərbaycan xalçaları” layihəsi iki ölkə muzeyləri arasında həyata keçirilən ilk layihədir. Layihənin əsas məqsədi Türk və İslam Əsərləri Muzeyinin kolleksiyasında qorunub saxlanılan Azərbaycan xalçalarının elmi atribusiyası sahəsində tədqiqatın aparılmasıdır.

Azərbaycan Milli Xalça Muzeyinin təşəbbüsü ilə həyata keçirilən layihənin təşkilatçıları Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Türk və İslam Əsərləri Muzeyi və Azərbaycan Milli Xalça Muzeyidir.

İyunun 13-dək davam edəcək sərgidə Türk və İslam Əsərləri Muzeyinin kolleksiyasındakı XVII-XIX əsrlərə aid on iki ədəd nadir Azərbaycan xalçası nümayiş olunacaq. Onların arasında Azərbaycan xalçaçılığının unikal qoluna aid “Xətai” (“Əjdahalı”) və “Çələbi”, özünün mükəmməl bədii ornamentlərində Qarabağın gözəlliyini əks etdirən “Qoca” və qədim türk tayfalarının simvolları olan damğalarla bəzədilmiş “Dağkəsəmən” xalçaları da var. Sərgidə Türk və İslam Əsərləri Muzeyinin kolleksiyasındakı Azərbaycan xalçaları yenilənmiş atribusiya mətnləri ilə təqdim olunacaq.