Doxsan doqquz yaşlı İstiqlal Marşı

Doxsan doqquz yaşlı İstiqlal Marşı

Türkiyənin İstiqlal Marşının qəbul edilməsindən 99 il ötür. Marşın sözləri tanınmış türk şairi Mehmet Akif Ersoy tərəfindən yazılıb.

Birmillet.azAZƏRTAC“a istinadən məlumat verir ki, 1920-ci ildə Türkiyə Böyük Millət Məclisinin açılması ilə bu ölkənin “Hakimiyet-i Milliye” qəzetinin 1920-ci il 25 oktyabr buraxılışında dövlət himninin yazılması ilə bağlı müsabiqə elan edilir. O zamanın tanınmış şairi Mehmet Akif Ersoy yarışmada iştirak etmir. Belə ki, o, milli marşın müsabiqə yolu ilə seçilməsini düzgün hesab etmir. Yarışma 1920-ci il dekabrın 23-dək davam edir. Bura, ümumilikdə, 724 əsər göndərilsə də, onların heç biri qəbul edilmir. Bundan sonra o zamanlar Türkiyənin Maarif naziri olan Hamdullah Suphi bəy Mehmet Akifə məktub göndərərək ondan himnin sözlərinin yazılması üçün kömək istəyir. Hər kəsin səbirsizliklə gözlədiyi Milli Marşın sözləri on günə hazır olur və 1921-ci il fevralın 17-də “Sebilürreşad” jurnalında “Qəhrəman Ordumuza” başlığı ilə dərc olunur.

1921-ci il martın 12-də Hamdullah Suphi bəyin Böyük Millət Məclisinin kürsüsündən oxuduğu Mehmet Akif tərəfindən yazılan şeir Mustafa Kamal Atatürkün “Bu marş bizim inqilabımızın ruhunu anladır” sözləri ilə qəbul edilib. Sonra marşın sözləri ingilis, alman, fransız, macar və fars dillərinə tərcümə olunaraq ölkə daxilində və xaricində dərc edilir.

İstiqlal Marşının yazılması üçün Mehmet Akifə verilən 500 lirə mükafat isə şair tərəfindən yoxsul qadın və uşaqlara iş öyrədən “Darülmesai” qurumuna bağışlanır.

Bir zaman müxtəlif musiqilərlə ifa edilən marşa Türkiyənin tanınmış bəstəkarı Osman Zeki Üngör tərəfindən çağdaş himnə yaraşan musiqi bəstələnir.

99 il əvvəl qəbul edilən Türkiyənin Dövlət Himni ölkənin müstəqillik və suverenliyinin ən vacib rəmzlərindən biridir.