İsmayıl Safi: “Azərbaycan Türkiyə ilə Rusiya arasında ən yaxşı vasitəçidir”

İsmayıl Safi: “Azərbaycan Türkiyə ilə Rusiya arasında ən yaxşı vasitəçidir”

Birmillet.az Türkiyə Prezident Administrasiyasının təhlükəsizlik və xarici siyasət məsələləri üzrə qurumunun üzvü, professor İsmayıl Safinin “APA“ya müsahibəsini təqdim edir.

– 2018-ci ildən Prezident Administrasiyasının Təhlükəsizlik və xarici siyasət məsələləri üzrə qurumunun üzvüsünüz. Sizin bu qurumda əsas işiniz nədən ibarətdir? 

– Qurum daxilində bütün aktual mövzular hərtərəfli müzakirə olunur. Daha sonra isə Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın qərarı ilə yekun qərar verilir. Türk dünyası və Avrasiya məsələləri ilə bağlı daha çox məşğul oluram. Öz təşəbbüsüm əsasında bu vəzifə mənə verilib. Düşünürəm ki, hər kəs öz bildiyi sahə üzrə daha faydalı işlər görə bilər.

– Bu günlərdə Türkiyə Prezidentinin Azərbaycana səfəri gözlənilir. Azərbaycan-Türkiyə münasibətlərini necə dəyərləndirirsiniz?

– İlk olaraq onu bildirim ki, mənim Azərbaycanla əlaqələrim 90-cı illərdən başlayır. Hakim Ədalət və İnkişaf Partiyasını (AKP) yaradan 75 nəfərdən biri də mənəm. 5 il müddətində AKP-nin Xarici əlaqələr şöbəsinin müdir müavini olmuşam. Dostlarımızın bəziləri daha çox Avropa, Amerika, Yaxın Şərqlə maraqlananda, mən Türk dünyasına, xüsusən Azərbaycanla bağlı fəaliyyətə üstünlük verdim. Azərbaycanla bağlı fəaliyyətimi sevə-sevə icra edirəm. Yəni bu, mənim üçün yalnız iş xarakteri daşımır. Türk dünyası ilə bağlı Bakı və Antalyada keçirilmiş bir sıra əhəmiyyətli tədbirlərin təşkilatçılığı mənə həvalə edilib. Qürurverici olan bu işlərin kökündə Türkiyə ilə Azərbaycanın qardaşlığı dayanır. Dünyada iki ayrı dövlət olub, bu qədər doğma, isti münasibətin, eyni ideyaları daşımağın ikinci bir bənzəri yoxdur. Türkiyə və Azərbaycan xalqlarının dili, adət-ənənələri birdir. Düşüncələrimizdə də elə böyük fərq yoxdur. Azərbaycan Türkiyə qardaşlığını yaşatmaq mənim üçün rəsmi bir məsuliyyət olmaqla yanaşı, həm də arzularımızın, ideyalarımızın və əməllərimizin həyata keçirilməsi baxımından mənəvi borcdur. Bu əlaqələr həm dövlət, həm də qeyri-dövlət təşkilatları səviyyəsində davam edir və daha da inkişaf edir.

– Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yolunu necə görürsünüz?

– Mən Azərbaycanda çox olmuşam. Həm Türkiyədə, həm də 4 ayrı ölkədə 20 Yanvar faciəsi, Xocalı qətliamına həsr olunmuş konfranslar keçirmişik. Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın Baş Nazirinə konkret olaraq bir daha söylədi ki, “Dağlıq Qarabağ Azərbaycandır və Nida”. Bunu Birləşmiş Millətlər Təşkilatı, Avropanın tanınmış təşkilatlarının qəbul etdiyi sənədlər də təsdiqləyir. Paşinyan isə ikiüzlülük edib deyir ki, işğal olunmuş Azərbaycan torpaqlarında Ermənistan ordusu yoxdur. Hesab edirəm ki, Dağlıq Qarabağ məsələsində zaman lehimizə işləyir. Biz doğru olanı edirik. Hər fürsətdə Türkiyə də, Azərbaycan da güzəştə getmədən deyir ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır. Mən təxminən 6-7 il öncə millət vəkili olaraq Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının rəhbəri olaraq İrəvana getmişdim. Azərbaycan nümayəndə heyətinin rəhbəri də Asəf Hacıyev idi. Orada mətbuat konfransı keçirdik. Asəf bəylə mənə çoxlu sual ünvanlandı. Sualların çoxu Türkiyə-Ermənistan münasibətləri, o cümlədən Türkiyənin Ermənistanla sərhədləri niyə açmaması barədə idi. Həm işğalçılıq et, həm də ittiham et. Çox qəribə mühakimədir. Ermənistanda türk düşmənçiliyi xəstəlik halını alıb. Bir məqamı da qeyd edim ki, Ermənistanda insanları çox məyus gördüm. Regionda paytaxt şəhərləri arasında ən geridə qalmış şəhər İrəvandır. Əhalisi də səfalət içərisində yaşayır. Bu vəziyyət Ermənistana çox baha başa gələcək. Biz saysız-hesabsız şəhid vermişik, amma onlar qədər kin saxlamadıq, hər zaman xoş niyyətli olduq. Çox təəssüf ki, türk xalqının başına gələn bu qədər müsibətləri unutduq.  Əlbəttə ki, bu qədər unutqanlıq yaxşı hal deyil. Bosniya və Herseqovinanın əfsanəvi lideri Aliya İzzetbeqoviç deyir ki, soyqırımı unutmayın, çünki unudulan soyqırımı təkrarlanır. Bu məsələdə Türkiyə Azərbaycandan da unutqandır. Sualınıza cavab olaraq qeyd edim ki, o torpaqlar qeyd-şərtsiz Azərbaycanındır. Sadəcə, orada yaşayan ermənilərə gələcəkdə yaşamaları üçün şərait yaradılmalıdır.

– Qondarma “erməni soyqırımını” tanıyan ölkələrin sayı getdikcə artır. Bu yaxınlarda Suriya parlamenti “qondarma erməni soyqırımı”nı tanıdı. Sizin də az öncə qeyd etdiyiniz kimi, türklər tarix boyu çox qətliamlara məruz qalıb. Amma nədənsə informasiya savaşında geridə qalırıq. Sizcə bunun səbəb nədir?

– Bəli, həqiqətən də etiraf etməliyik ki, informasiya təbliğatında vəziyyət o qədər də yaxşı deyil. Ermənilər qardaş Azərbaycanın əzəli torpaqlarını işğal edirlər, yaxın tarixdə Xocalıda qırğın törədirlər. Bütün bunlardan sonra isə onlar haqlı, biz haqsız oluruq. Elə təəssürat yaradırlar ki, sanki onlar zalım yox, məzlumdurlar. Bütün bunlar onların haqsız təbliğatının yaratdığı mənzərədir. Rusiya, Amerika, Avropada media və digər sahələr onların əllərindədir. Hətta bizim mediaya, xalqımıza belə təsir etmək gücündədirlər. Yalanlarını sırımaq üçün dünyanın hər yerində gecə-gündüz çalışırlar.

– Son günlər İdlib məsələsində Türkiyə və Rusiya arasında təmaslar davam edir. Bu danışıqlardan gözləntiniz nədir?

– Mən hər zaman Rusiya ilə elmi əməkdaşlığın artırılmasına üstünlük verirəm. Bu istiqamətdə fəaliyyətlərimiz ümidvericidir. Çünki Türkiyə üçün çıxış yolu elm və təhsil səviyyəsinin yüksəldilməsindədir. Təəssüf ki, Türkiyə son 200 ildə elm sahəsində geri qalıb. Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının nəzdində bir çox komitə fəaliyyət göstərir. Bunlardan biri də Elm və təhsil komitəsidir. Türkiyənin 20 universiteti bu komitənin üzvüdür. Fevralın 28-də İstanbulda Altınbaş Universitetində Rusiya və Türkiyə universitetlərinin rektorlarının birgə toplantısı olacaq. Elm, təhsil, texnologiya yenilikləri istiqamətində fikir mübadiləsi aparılacaq. Düşünürəm ki, Azərbaycan Türkiyə ilə Rusiya arasında ən yaxşı vasitəçidir. Belə desək, Azərbaycan Türkiyə ilə Rusiya arasında qapı rolunu oynayır.

Avrasiya məsələləri ilə məşğul olduğum üçün Rusiya ilə əlaqələrim çox olur. 2006-cı ildən Rusiya Prezidentinin dəstəyi ilə yaradılan İslam Dünyası Birliyi fəaliyyət göstərir. Türkiyə tərəfdən bu işləri koordinasiya edən bir təmsilçi olaraq mən İslam Dünyası Birliyinin gördüyü işləri qənaətbəxş sayıram. Rusiyada türk və müsəlman toplumu coğrafiya olaraq çox böyük ərazini əhatə edir. Mütəmadi olaraq görüşlərimiz olur. Sonuncu dəfə 3 ay əvvəl Ufada bir araya gəldik. 2018-ci ildə Moskvada Rusiya və türk xalqlarının konqresini təşkil etdik. Təsəvvür edin Moskvanın mərkəzi meydanında qazax, qırğız, özbək, tatar, çuvaş və digər türk xalqlarının üst səviyyəli təmsilçiləri, müftiləri birgə toplanıb. Belə bir tədbiri 2015-ci ildə də keçirmişdik. 2015-ci ildə Rusiya və Türkiyə arasında məlum təyyarə hadisəsi baş vermişdi. İki ölkə arasında münasibətlərin soyuq olmasına baxmayaraq bu tədbir baş tutdu.

– Türkiyə Prezidentinin “Facebook”, “Twitter” sosial şəbəkələrinə marağı necədir?

– Sözün düzü, heç bir dövlət başçısı vaxtını sosial şəbəkələrdə keçirməz. ABŞ Prezidenti Donald Tramp bunu necə edir, bilmirəm. Təbii ki, bizim Prezidentin də sosial şəbəkələrdə hesabları var. Onun çıxışları “Twitter”də türk, ingilis, hətta ərəb dilində yayımlanır. Məncə, bu iş uğurlu şəkildə icra edilir.