Son 5 gündə Rusiyanın Ukraynaya endirdiyi hücumlar nəticəsində 12 nəfər həlak olub, 85 nəfər isə yaralanıb. Ukrayna Milli Polisinin rəsmisi Viktoriya Ponamaryova bu məlumatı “Report”un Şərqi Avropa bürosuna açıqlayıb.
Ağır yaralanan 40 nəfərin arasında 4 azyaşlı uşaq da var. Rəsmiyə görə, hücumlarda müxtəlif raketlər, uzaq mənzilli artilleriya və pilotsuz uçuş aparatlarından istifadə olunur. Son 3 gündə paytaxt Kiyevdə bu hücumlar nəticəsində 4 nəfər həlak olub, 6 nəfər yaralanıb. Eyni zamanda, 10-dan çox dövlət və mülki obyekt dağıdılıb, bir çox avtomobil yararsız hala düşüb.
Tələfatlar Kiyevdən başqa Sumı, Çerniqov, Xarkov, Donetsk və Xerson vilayətlərini də əhatə edir. Ukrayna polisi və Fövqəladə Hallar Xidməti hadisə yerlərində axtarış və xilasetmə işlərini davam etdirir.












































