Türkiyənin Elazığ şəhərində baş vermiş dağıdıcı zəlzələ ilə bağlı ölkənin Kandilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutundan açıqlama verilib.
AZƏRTAC xəbər verir ki, açıqlamada 40 kilometrlik seysmik xəttin qırıldığının ehtimal olunduğu bildirilir.
Qeyd edilib ki, növbəti günlərdə yeraltı təkanların davam edəcəyi istisna olunmur. Son zəlzələdən indiyədək Rixter cədvəli ilə azı 4,8 bal olmaqla 30-dan çox afterşok qeydə alınıb. Yeraltı təkanların baş verdiyi bölgə zəlzələ baxımdan aktiv ərazidir.
Bildirilib ki, şimali Anadolu xəttində də seysmik boşluqlar var və bu bölgədə də yeraltı təkanların meydana gəlməsi ehtimalı yüksəkdir. Lakin bu, bir seysmik xəttin digərinə təsir edəcəyi demək deyil.
Məlumatda yeraltı təkanların baş verdiyi bölgədə yerli əhalinin evlərinə girməmələri ilə bağlı xəbərdarlıq edilib.
Mənbə: azertag.az












































