Avropa İttifaqı Macarıstanın səsvermə hüququnu məhdudlaşdırmağı nəzərdən keçirir – Ukraynaya dəstək məsələsində gərginlik artır
Avropa İttifaqı (Aİ) ölkələri Macarıstanın Ukraynaya dəstək məsələsindəki əngəlləyici mövqeyinə görə səsvermə hüququndan məhrum edilməsini müzakirə edir. Bu barədə Böyük Britaniyanın “The Guardian” qəzeti məlumat yayıb.
Məlumata görə, rəsmi Budapeşt Ukraynanın Avropa İttifaqına üzvlüyü ilə bağlı ölkədə referendum keçirmək niyyətindədir. Referendumda seçicilərə “Ukraynanın Aİ-yə üzvlüyünü dəstəkləyirsinizmi?” sualı təqdim olunacaq.
Macarıstanda bu mövzuya dair təbliğat kampaniyası da başlayıb. Ölkənin müxtəlif yerlərində plakatlar yerləşdirilib. Plakatlarda Ukrayna Prezidenti Volodimir Zelenski, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen və Avropa Parlamentində Avropa Xalq Partiyasının lideri Manfred Veber əks olunub. Şüarda isə qeyd olunub: “Onlara bizim əvəzimizə qərar verməyə imkan verməyək”.
Macarıstan və Aİ arasında Ukrayna gərginliyi artır
Son aylarda Macarıstan hökuməti Avropa İttifaqının Ukraynaya maliyyə və siyasi dəstəyinə qarşı çıxmaqla diqqət mərkəzinə düşüb. Bu səbəbdən Avropa İttifaqı Şurası daxilində Budapeştə qarşı səsvermə hüququnun məhdudlaşdırılması və ya ləğvi kimi sanksiya variantları müzakirə olunur.
Mütəxəssislər bu gedişatın Aİ daxilində birliyin pozulmasına, həmçinin Ukraynanın Avropa inteqrasiyası yolunda əlavə əngəllərə səbəb ola biləcəyini bildirirlər.












































