Çin Azərbaycanın ÜTT-yə üzvlüyünü dəstəkləyir – Strateji tərəfdaşlıq yeni mərhələyə keçir
Azərbaycan və Çin arasında strateji əməkdaşlıq yeni mərhələyə daxil olur. Çin Xalq Respublikası Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) tezliklə üzv olmasını dəstəklədiyini rəsmi olaraq bəyan edib. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev və Çin Sədri Si Cinpin tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”da qeyd olunur.
Sənəddə bildirilir ki, hər iki ölkə dünya iqtisadi düzənində baş verən dəyişiklikləri nəzərə alaraq, beynəlxalq maliyyə arxitekturasında islahatların aparılmasını dəstəkləyir. Çin və Azərbaycan, eyni zamanda, ticarət və investisiyaların liberallaşdırılması və sadələşdirilməsi istiqamətində birgə səyləri gücləndirmək niyyətindədir.
Tərəflər, unilateralizmə, protektsionizmə, iqtisadi despotizmə və dünya ticarət qaydalarının pozulmasına qarşı çıxaraq, çoxtərəfli ticarət sisteminin qorunması və gücləndirilməsi üçün birgə əməkdaşlığı vacib hesab edirlər. Bu yanaşma Azərbaycanın qlobal iqtisadi inteqrasiyası və regional ticarət əlaqələrinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Bu strateji addım, Azərbaycanın ÜTT-yə üzvlük prosesi üçün əhəmiyyətli bir dəstək olmaqla yanaşı, Azərbaycan-Çin iqtisadi münasibətlərinin daha da möhkəmlənəcəyindən xəbər verir.












































