Yeni Zelandiyanın Kraystçörç və Selvin rayonlarında güclü yağış səbəbilə fövqəladə vəziyyət elan edilib. Vellinqtonda isə güclü külək ciddi ziyan vurub və uçuşlar təxirə salınıb.
Yeni Zelandiyanın Kraystçörç şəhərində və Selvin rayonunda davam edən güclü yağış nəticəsində genişmiqyaslı daşqınlar baş verib. Bu səbəbdən hökumət bölgələrdə fövqəladə vəziyyət elan edib. Bu barədə “New Zealand Herald” qəzeti ölkənin fövqəladə hallar naziri Mark Mitçellə istinadla məlumat yayıb.
Qeyd olunur ki, Kenterberi regionuna daxil olan Kraystçörç və Selvin rayonlarında daşqınlar həyat şəraitinə və infrastruktur obyektlərinə ciddi təsir göstərib.
Eyni zamanda paytaxt Vellinqtonda güclü külək nəticəsində bir çox binaların dam örtükləri zədələnib, ağaclar aşıb. Külək səbəbilə Vellinqton hava limanında uçuşlar axşam saat 18:00-a qədər ləğv olunub. Bəzi yaşayış evlərində elektrik enerjisinin verilişi dayandırılıb.
Hazırda hava şəraitinə nəzarət artırılıb və əhaliyə təhlükəsizlik tədbirlərinə ciddi əməl etmək tövsiyə olunur.












































