Kobaxidze: ABŞ Gürcüstanın sayəsində Əfqanıstan və İraqda 2,5 milyard dollar qənaət edib

Kobaxidze: ABŞ Gürcüstanın sayəsində Əfqanıstan və İraqda 2,5 milyard dollar qənaət edib

Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, ABŞ Gürcü hərbçilərin Əfqanıstan və İraqdakı missiyalarda iştirakı sayəsində təxminən 2,5 milyard dollar qənaət edib. O, bu fikirləri yerli “İmedi” telekanalına verdiyi müsahibədə səsləndirib.

Baş nazirin sözlərinə görə, ABŞ hökuməti Gürcüstanın bu əməliyyatlarda fəal iştirakı nəticəsində böyük maliyyə vəsaitlərinə qənaət etsə də, ölkəyə göstərilən real maliyyə yardımı bu məbləğdən xeyli az olub. Kobaxidze əlavə edib ki, bu məbləğə ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Demokratiyaya Dəstək Milli Fondu (NED) vasitəsilə ayrılan vəsaitlər daxil deyil, çünki bu qurumlar tərəfindən ayrılan pulların bir hissəsi Gürcüstanda iğtişaşların təşkilinə sərf olunub.

Gürcüstan hökumət başçısı əlavə edib ki, ölkənin beynəlxalq missiyalarda iştirak etdiyi müddətdə 32 hərbi qulluqçusu həlak olub. O, ABŞ administrasiyasından Gürcüstana qarşı ədalətli yanaşma tələb etdiklərini vurğulayıb və bu məsələni ABŞ Prezidenti Donald Trampın administrasiyası qarşısında qaldırdıqlarını bildirib.