Azərbaycanlı alim “Horizon-2020” proqramı üzrə Türkiyədə tədqiqatlar aparıb

Azərbaycanlı alim “Horizon-2020” proqramı üzrə Türkiyədə tədqiqatlar aparıb

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Antik dövr arxeologiyası şöbəsinin aparıcı elmi işçisi, dosent Natiq Alışov Avropa Komissiyasının “Horizon-2020” proqramı tərəfindən maliyyələşdirilən “Biliyin mübadiləsi və akademik mədəniyyətlər humanitar elmlərdə, Avropa və Qara dəniz bölgəsi” layihəsi çərçivəsində Türkiyənin Bilkent Universitetində elmi ezamiyyətdə olub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, biraylıq elmi ezamiyyət dövründə azərbaycanlı alim Qafqaz, Bizans və Balkanlarda qədim və orta əsr xristian mədəniyyətinin oxşar və fərqli cəhətləri, xristian cəmiyyətlərinin quruluş və idarəetmə xüsusiyyətləri mövzuları üzrə universitetin əsas kitabxanasında araşdırma aparıb. O, həmçinin Ankara Regional Tarix Muzeyinin kolleksiyaları ilə tanış olub, Bilkent Universitetində çalışan türkiyəli və avropalı arxeoloqlar, tarixçilər və memarlarla görüşlər keçirib.

Xatırladaq ki, layihənin ümumi koordinatoru Avstriyanın Qrats Universitetinin Cənub-Şərqi Avropa tarixi və antropologiyası kafedrasının müdiri, professor Karl Kaiserdir. Layihənin Azərbaycan üzrə milli koordinatoru Arxeologiya və Etnoqrafiya İnstitutunun Antik dövr arxeologiya şöbəsinin müdiri Zaur Həsənovdur.

Mənbə: azertag.az