Azərbaycan və Türkiyə bərpa olunan enerji sahəsində əməkdaşlığı müzakirə ediblər – FOTO

Azərbaycan və Türkiyə bərpa olunan enerji sahəsində əməkdaşlığı müzakirə ediblər – FOTO

Mikayıl Cabbarov Türkiyədə Ömər Bolat və Alparslan Bayraktar ilə Görüşüb

Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyəyə səfəri çərçivəsində bu ölkənin ticarət naziri Ömər Bolat və enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar ilə görüşüb.

Görüşlərdə iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin inkişaf etdiyi vurğulanıb. Türkiyənin Azərbaycanın ikinci ən böyük ticarət və ixrac tərəfdaşı olduğu bildirilib. Preferensial Ticarət Sazişi çərçivəsində güzəştlərin tətbiq olunduğu malların sayının artması ticarət dövriyyəsinin genişlənməsinə müsbət təsir göstərir. Həmçinin Türkiyə şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yaradılmış əlverişli biznes mühitindən yararlanmağa dəvət olunub.

Enerji sahəsində keçirilən görüşdə Azərbaycan və Türkiyə arasında strateji əməkdaşlığın təkcə iki ölkənin iqtisadi inkişafına deyil, bütövlükdə regionun, xüsusilə də Avropanın enerji təhlükəsizliyinə töhfə verdiyi qeyd edilib. Azərbaycanın yaşıl enerji sahəsində həyata keçirdiyi layihələr və bu sahədə əməkdaşlıq imkanları müzakirə olunub.

İqtisadi tərəfdaşlığın möhkəmləndirilməsi, ticarət dövriyyəsinin artırılması, investisiyaların təşviqi və enerji sahəsində yeni imkanların araşdırılması görüşlərin əsas mövzularından olub.