Sadır Japarov: Atambayev müraciət etsə, amnistiya imkanı nəzərdən keçirilə bilər
Qırğızıstan Prezidenti Sadır Japarov bəyan edib ki, əgər keçmiş prezident Almazbek Atambayev bağışlanma ilə bağlı müraciət edərsə, onun amnistiyaya düşmə ehtimalı nəzərdən keçirilə bilər.
Prezident “Kabar” agentliyinə verdiyi müsahibədə bildirib ki, məhkəmə qərarına dəyişiklik etmək mümkün deyil, lakin Atambayevin amnistiya hüququ mövcuddur:
“Müvafiq müraciət daxil olsa, amnistiya imkanlarını nəzərdən keçirə bilərəm”, – deyə Japarov vurğulayıb.
Xatırladaq ki, 2025-ci il iyunun 3-də Bişkekin Pervomayski Rayon Məhkəməsi Almazbek Atambayevi qiyabi olaraq 11,5 il müddətinə azadlıqdan məhrum edib. Eks-prezidentə qarşı Koy-Taş kəndində qanunsuz torpaq əldə etmək, Bişkek İstilik Elektrik Stansiyasının modernləşdirilməsi zamanı korrupsiya və 2019-cu ilin avqustunda kütləvi iğtişaşların təşkili kimi ittihamlar irəli sürülüb.












































