ABŞ-nin rüsumları Yaponiyanın nəhəng şirkətlərinə milyardlarla dollar zərər vura bilər
ABŞ-nin gömrük rüsumlarını artırması Yaponiyanın aparıcı şirkətləri üçün ciddi maliyyə itkisinə səbəb ola bilər. “Toyota”, “Sony”, “Mizuho” və digər böyük korporasiyalar bu siyasət nəticəsində ümumilikdə 4 trilyon yenə qədər (təxminən 27,6 milyard ABŞ dolları) zərərə uğraya bilər. Bu barədə “Financial Times” qəzetinə istinadən TASS məlumat yayıb.
Nəşrin qiymətləndirməsinə görə, yaranan itkilər hələlik ilkin hesablamalardır və beynəlxalq ticarət şəraitindəki qeyri-müəyyənlik səbəbindən bu rəqəmlər daha da arta bilər.
Ən çox zərər görəcək sektor kimi avtomobil istehsalı göstərilir. Belə ki, Yaponiya 2023-cü ildə ABŞ-yə 1,5 milyon avtomobil ixrac edib və bu ixracın dəyəri 40 milyard dollardan çox olub.
“Honda” şirkətinin rəhbəri Toşihiro Mibe məsələ ilə bağlı bildirib:
“Tarif siyasətinin təsiri çox böyükdür.”
Əvvəlki proqnozlara görə, 2025-ci ildə Yaponiyanın yeddi əsas avtomobil istehsalçısı ABŞ-nin rüsum artımı nəticəsində azı 2,7 trilyon yen (təxminən 18,5 milyard dollar) itirəcək. Bu itkilər arasında Toyota ön sıradadır – şirkətin 1 trilyon yendən çox (təxminən 6,8 milyard dollar) gəlir itkisi ilə üzləşəcəyi proqnozlaşdırılır.
Bu vəziyyət ABŞ və Yaponiya arasında ticarət münasibətlərində gərginliyin artmasına və Yaponiya iqtisadiyyatına mənfi təsirlərin güclənməsinə səbəb ola bilər.












































