Türkmənistan 50-yə yaxın ölkədən olan 2 mindən çox vətəndaşın İran sərhədindən keçidini təmin edib
Yaxın Şərqdə münaqişə fonunda 2 mindən çox xarici vətəndaş İran-Türkmənistan sərhədindən keçib
Yaxın Şərqdə baş verən münaqişələrlə əlaqədar olaraq müxtəlif ölkələrin 2 mindən çox vətəndaşı İranı tərk edərək Türkmənistan ərazisindən keçib. Bu barədə Türkmənistan Xarici İşlər Nazirliyi (XİN) rəsmi məlumat yayıb.
Nazirliyin məlumatına əsasən, Türkmənistanın nəzarət-buraxılış məntəqələri Rusiya, Koreya, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Oman, Bəhreyn, Qətər, Küveyt, Almaniya, İsveçrə, Danimarka, Böyük Britaniya və digər ölkələrin vətəndaşları da daxil olmaqla 50-yə yaxın ölkədən olan insanlara yardım göstərib.
Türkmənistan XİN vurğulayıb ki, təxminən 50 dövlət, vətəndaşlarının İran ərazisindən təhlükəsiz şəkildə çıxarılması və tranzitinin təmin olunması məqsədilə rəsmi olaraq müraciət edib.
Ölkə rəhbərliyi bu çərçivədə xarici vətəndaşların maneəsiz keçidini və onların öz ölkələrinə qayıtmasını təmin etmək üçün quru nəqliyyat dəhlizlərini və Aşqabad beynəlxalq hava limanını aktiv şəkildə istifadə edir.












































