Türkmənistan prezidenti Yaponiyaya yola düşüb

Türkmənistan prezidenti Yaponiyaya yola düşüb

Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov Yaponiyaya səfər edib – “Ekspo 2025”də iştirak edəcək

Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov rəsmi səfərlə Yaponiyaya yola düşüb. Prezidentin yola salınma mərasimi Aşqabadın Beynəlxalq Aeroportunda keçirilib. Səfər çərçivəsində dövlət başçısı Osakada təşkil olunacaq “Ekspo 2025” Ümumdünya Sərgisində Türkmənistanın Milli Gününə həsr olunmuş tədbirlərdə iştirak edəcək.

Səfər zamanı Serdar Berdiməhəmmədovun yüksək səviyyəli ikitərəfli və işgüzar görüşlər keçirməsi də nəzərdə tutulub. Bu görüşlər çərçivəsində Türkmənistan və Yaponiya arasında iqtisadi, siyasi və humanitar əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Türkmənistan Yaponiya ilə əlaqələrin inkişafına xüsusi önəm verir. İki ölkə arasında tərəfdaşlıq uzunmüddətli və strateji xarakter daşıyır, qarşılıqlı hörmət, bərabərlik və etimad prinsipləri üzərində qurulub. Türkmənistan-Yaponiya münasibətləri siyasi-diplomatik əlaqələrlə yanaşı, ticarət, iqtisadiyyat və mədəni-humanitar sahələrdə də fəal şəkildə inkişaf edir.

“Ekspo 2025” sərgisi Türkmənistanın beynəlxalq arenada təqdimatı və Asiya-Sakit okean regionunda əlaqələrinin daha da möhkəmləndirilməsi üçün vacib platformalardan biri hesab olunur.