Türkiyə şirkətlərinin Azərbaycanda icra etdiyi layihələrin dəyəri açıqlanıb

Türkiyə şirkətlərinin Azərbaycanda icra etdiyi layihələrin dəyəri açıqlanıb

Türkiyənin Podratçı Şirkətləri Azərbaycanda 21 Milyard Dollar Dəyərində 552 Layihə İcrа Edib

Türkiyənin podratçı şirkətləri indiyədək Azərbaycanda 21 milyard ABŞ dolları məbləğində 552 layihə həyata keçirib. Bu barədə Türkiyənin ticarət nazirinin müavini Mahmut Gürcan, “Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri” (TÜİB) İctimai Birliyinin 6-cı dönəm Seçkili Ümumi Yığıncağında çıxışı zamanı məlumat verib.

Nazir müavininin sözlərinə görə, Türkiyənin Azərbaycandakı birbaşa və üçüncü ölkələr vasitəsilə həyata keçirdiyi ümumi investisiya həcmi 17 milyard dollara yaxınlaşıb.

“Azərbaycan da Türkiyəyə 21 milyard dollar investisiya yatırıb. Bu, iki ölkə arasında iqtisadi tərəfdaşlığın güclü olduğunu sübut edir”, – Mahmut Gürcan bildirib.

Gürcan əlavə edib ki, Azərbaycanla Türkiyə arasındakı əməkdaşlıq yalnız ikitərəfli deyil, həm də regional və beynəlxalq təşkilatlar çərçivəsində davam etdirilir. O, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlük prosesinə Türkiyənin tam dəstək verdiyini də vurğulayıb:

“Azərbaycanın qlobal iqtisadi inteqrasiyası üçün mühüm mərhələ olan ÜTT-yə üzvlüyünə dəstəyimiz davam edir və gələcəkdə də hərtərəfli dəstək verməyə hazırıq”.

Bu açıqlamalar iki ölkə arasında strateji tərəfdaşlığın iqtisadi əsaslarının daha da möhkəmləndiyini göstərir.