Türkiyə quraqlıq təhlükəsi ilə üzləşir

Türkiyə quraqlıq təhlükəsi ilə üzləşir

Türkiyə ərazisində yanvarın 9-dan başlayan yağıntılı hava şəraiti İstanbulu su ilə təmin edən və quruma təhlükəsi ilə üzləşən su hövzələrində suyun miqdarının artmasına səbəb olub.

Birmillet.az saytı Milli.Az-a istinadən bildirir ki, hazırda şəhəri su ilə təmin edən hövzələrdə doluluq miqdarı 24,66 faizə yüksəlib ki, bu da şəhəri yalnız 19 gün müddətində su ilə təmin etməyə çatır.

Bununla bağlı açıqlama verən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əhalini su israfına yol verməməyə çağırıb. Ölkə ərazisində yağışların normadan daha az yağdığını və bundan təəssüf hissi keçirdiyini deyən Türkiyə Prezidenti hazırda ölkənin 100 ildə bir görülən quraqlıq təhlükəsi ilə üzləşdiyini, bunun qarşısının alınması üçün lazımi tədbirlərin görülməsinin vacibliyini vurğulayıb: “Son 18 il ərzində 600 su hövzəsi, 590 hidroelektrik stansiya, 262 içməli su qurğusu və bir çox başqa işlərlə demək olar ki, hər bölgədə su tutumunu ən yüksək səviyyəyə qaldırdıq. Bu sahədə işlərimizi fasiləsiz davam etdirəcəyik. Lakin mövcud mənbələrdən ən yaxşı şəkildə istifadə etməyin yolu qənaət və şüurlu istehlakdır”.

Qeyd edək ki, İstanbulda ötən il ən quraq il olaraq qeydə alınıb. Bu, bir çox problemlərlə yanaşı, şəhər ətrafındakı göl və su hövzələrinin qurumasına da səbəb olub. Doluluq səviyyəsi 19,16 faizədək azalan hövzələrdə hazırda vəziyyətin nisbətən qənaətbəxş olduğu, suyun miqdarının 24,66 faizədək artdığı bildirilir.