Trampın Azərbaycana verdiyi önəm – ABŞ Bakı ilə daha dərin tərəfdaşlığa ümid edir

Trampın Azərbaycana verdiyi önəm – ABŞ Bakı ilə daha dərin tərəfdaşlığa ümid edir

ABŞ-ın sabiq Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktublar, Ağ Evin ölkəmizə verdiyi yüksək önəmin bariz göstəricisi kimi qiymətləndirilir. Hər bir məktubda ikitərəfli münasibətlərə verilən dəyər, regionda Azərbaycanın lider mövqeyi, və Cənubi Qafqazda sülh təşəbbüslərinə dəstək açıq şəkildə ifadə olunur.

Tramp administrasiyasının Azərbaycanın strateji əhəmiyyətinə verdiyi önəm

Donald Trampın 28 May – Müstəqillik Günü münasibətilə göndərdiyi təbrik məktubunda, “Biz qarşıdakı illərdə və onilliklər ərzində daha dərin tərəfdaşlığa ümid edirik” ifadəsi yer alıb. Bu, ABŞ-Azərbaycan əlaqələrinin uzunmüddətli inkişaf potensialını göstərir.

Tramp administrasiyası dövründə ABŞ ilə Azərbaycan arasında əməkdaşlıq təhlükəsizlik, enerji və iqtisadiyyat sahələrində genişlənib. Bu xüsusda Cənub Qaz Dəhlizi layihəsinə dəstək, terrorizmlə mübarizə sahəsində tərəfdaşlıq, sülhməramlı missiyalarda ortaq fəaliyyət xüsusi önəm kəsb edib.

Bayden administrasiyası dövründə yaranan gərginlik

Əksinə, Co Baydenin prezidentliyi dövründə, ABŞ-Azərbaycan münasibətlərində soyuqluq və qərəzli yanaşmalar müşahidə olunub. Prezident İlham Əliyev bunu Davosda keçirilən görüş zamanı açıq şəkildə ifadə edib. Bayden-Blinken administrasiyasının 907-ci düzəlişi bərpa etməsiAzərbaycanın beynəlxalq arenalarda haqsız şəkildə sıxışdırılması, bu münasibətlərin zəifləməsinə səbəb olub.

ABŞ Senatının dəstəyi və gələcək əməkdaşlıq imkanları

Prezident İlham Əliyevin ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü Stiv Deyns ilə görüşündə, hər iki ölkə arasında enerji, təhlükəsizlik və iqtisadi əlaqələrin inkişafı üçün böyük potensial olduğu vurğulanıb. Senator Stiv Deyns Azərbaycanın Əfqanıstandakı sülhməramlı missiyadakı rolunu yüksək qiymətləndirərək, gələcəkdə əməkdaşlığın genişləndirilməsinə ümid etdiyini bildirib.

Azərbaycanın strateji mövqeyi və ABŞ-ın baxışı

Tramp administrasiyası Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyib, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə pozitiv yanaşıb. Məktublarda Cənubi Qafqazda sabitlik və firavanlıq naminə sülhün zəruriliyi vurğulanıb:

“İndi sülhə nail olmağın və Cənubi Qafqaz xalqları üçün yeni firavanlıq dövrünə qədəm qoymağın vaxtıdır”.

Bu gün Azərbaycan regionda enerji təhlükəsizliyində əsas aktor kimi çıxış edir və beynəlxalq tərəfdaşlar tərəfindən etibarlı müttəfiq kimi qəbul olunur. Donald Trampın məktubları, ABŞ-ın müstəqil xarici siyasət yürüdən Azərbaycanla əməkdaşlığa verdiyi önəmi ortaya qoyur.

Tramp və Bayden administrasiyaları arasında yanaşma fərqləri, ABŞ-ın Cənubi Qafqaz siyasətində strateji baxış fərqliliyini də üzə çıxarır. Bununla belə, ABŞ və Azərbaycanın qarşılıqlı maraqlara əsaslanan əlaqələri gələcəkdə də inkişaf etdirilə bilər.