Suriya hökuməti ABŞ-ın terror aktları xəbərdarlığından sonra təhlükəsizlik tədbirlərini gücləndirib
Suriya hökuməti ABŞ Dövlət Departamentinin Dəməşq və digər əyalətlərdə mümkün terror aktları barədə xəbərdarlıqlarını ciddiyə alaraq ölkədə təhlükəsizlik tədbirlərini gücləndirib.
“RİA Novosti”yə danışan Suriya administrasiyasına yaxın mənbənin verdiyi məlumata görə, Suriya rəhbərliyi təhlükənin qarşısının alınması məqsədilə xüsusi tapşırıqlar verib.
“Suriya hakimiyyəti ABŞ-ın Dəməşq və digər bölgələrdə terror aktları və təxribatlarla bağlı xəbərdarlığına ciddi yanaşıb və bu təhdidlərə qarşı qabaqlayıcı tədbirlərin görülməsi tapşırılıb”, – deyə mənbə bildirib.
Məlumata görə, ölkənin təhlükəsizlik xidmətləri və Müdafiə Nazirliyi gücləndirilmiş rejimə keçib. Dəməşq şəhərindəki blokpostların sayı artırılıb, strateji obyektlərin ətrafında nəzarət gücləndirilib.
Eyni zamanda, Suriya hakimiyyəti yaranmış təhlükəsizlik vəziyyəti ilə bağlı Türkiyəyə rəsmi müraciət edib. Müraciətdə Ankaradan Suriyanın müxtəlif əraziləri üzərində pilotsuz uçuş aparatlarının (PUA) kəşfiyyat uçuşlarının artırılması xahiş olunub.












































