Ermənistan Parlamentində Rusiya ilə Münasibətlərə dair Çıxış Gərginlik Yaratdı
Ermənistan parlamentində müstəqil deputat Ovik Aqazaryanın çıxışı zamanı ciddi mübahisə yaşanıb. Bu barədə məlumatı yerli erməni KİV-ləri yayıb.
Deputat Aqazaryan çıxışında Ermənistan hakimiyyətini Rusiyaya qarşı münasibətləri pisləşdirməkdə və Avropaya yönəlməkdə ittiham edib. O bildirib:
“Rusiya tərəfini erməni tərəfindən gələn təxribatlara uymamağa çağırıram.”
Bu açıqlamadan sonra “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı Arman Yeqoyan Aqazaryanı tənqid atəşinə tutub. Mübahisə daha da alovlanaraq parlament rəhbərliyi səviyyəsində reaksiyaya səbəb olub.
Parlament sədrinin müavini Akop Arşakyan isə Aqazaryanın bəyanatlarının xarici dövlətin maraqlarını əks etdirdiyini deyərək onun iclas zalını tərk etməsini tələb edib.
Bu hadisə Ermənistan parlamentində siyasi gərginliyin artdığını və ölkənin geosiyasi istiqamətinə dair daxili bölünmələrin dərinləşdiyini bir daha ortaya qoyub.












































