Qazaxıstanda təcili eniş edən “An-2” təyyarəsi 8 saat sonra tapılıb

Qazaxıstanda təcili eniş edən “An-2” təyyarəsi 8 saat sonra tapılıb

Qazaxıstanın cənubunda yerləşən Qızılorda vilayətinin çöl ərazisində “An-2” tipli təyyarə məcburi eniş edib. Qazaxıstanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin teleqram kanalı vasitəsilə yaydığı məlumata görə, hadisə Tan-Kumkol istiqamətində baş verib.

Təyyarənin göyərtəsində 3 nəfər olub və hadisədən sonra ekipaj üzvləri ilə əlaqə tamamilə kəsilib. Onların harada olduğu məlum olmadığından dərhal axtarış işlərinə başlanılıb. Xilasedicilər 8 saat davam edən axtarışlardan sonra təyyarəni və ekipaj üzvlərini gecə saatlarında çöldə aşkarlayıblar.

Nazirliyin məlumatına əsasən, ekipaj üzvlərinin səhhətində hər hansı problem aşkarlanmayıb və tibbi yardıma ehtiyac duyulmayıb. Təyyarənin məcburi eniş etməsinin səbəbləri araşdırılır.