Qazaxıstan Əfqanıstana humanitar yardım göndərib

Qazaxıstan Əfqanıstana humanitar yardım göndərib

Qazaxıstan nümayəndə heyəti Kabilə səfər edəcək – Humanitar yardım və iqtisadi əməkdaşlıq gündəmdə

Qazaxıstan nümayəndə heyətinin 2025-ci il aprelin 21-dən 23-dək Əfqanıstanın paytaxtı Kabilə rəsmi səfəri planlaşdırılıb.

Nümayəndə heyətinə Qazaxıstanın Baş nazirinin müavini, milli iqtisadiyyat naziri Serik Jumanqarin rəhbərlik edəcək. Səfər çərçivəsində Əfqanıstan rəsmiləri ilə bir sıra görüşlər keçiriləcək və Qazaxıstan istehsalı olan məhsulların təqdim olunduğu sərgi təşkil olunacaq.

Səfərlə paralel olaraq Qazaxıstan Əfqanıstana genişmiqyaslı humanitar yardım göndərib. Yardım karvanı Əfqanıstanın Bəlx vilayətində yerləşən Hayraton dəmir yolu stansiyasında təhvil verilib. Yardım 2,2 min ton həcmində olub və bitki yağı, buğda unu, düyü, həmçinin qış və yay çadırları, yorğanlar kimi zəruri əşyaları əhatə edir. Bundan əlavə, dərman vasitələrindən ibarət ayrıca bir partiya hava nəqliyyatı vasitəsilə Əfqanıstana çatdırılacaq.

Qazaxıstanın Əfqanıstandakı müvəqqəti işlər vəkili Qaziz Akbasov bildirib ki, Astana Kabillə əməkdaşlığı yalnız humanitar sahədə deyil, eyni zamanda faydalı qazıntıların hasilatı, nəqliyyat, logistika və kənd təsərrüfatı sahələrini də əhatə edəcək şəkildə genişləndirməyə hazırdır.

Bu səfər iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin inkişafında mühüm rol oynayacaq.