Qara dəniz sualtı elektrik enerjisi kabeli layihəsinin texniki-iqtisadi əsaslandırma sənədi tamamlanıb.
Gürcüstanın baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən “Nazirlər səviyyəsində dialoq: Bərpa olunan enerjidən istifadənin üç dəfə və enerji səmərəliliyinin iki dəfə artırılması üçün investisiyaların genişləndirilməsi” tədbirində məlumat verib.
Levan Davitaşvili çıxışında, Qara Dənizdə detallı tədqiqatlara başlamaq hazırlıqlarının tamamlandığını bildirib. O, Gürcüstanın “Yaşıl Enerji Dəhlizi”nin inkişafı ilə bağlı saziş imzalayan dörd ölkədən biri olduğunu qeyd edib və bu layihəyə ilk qoşulan ölkələrdən biri olduqlarını vurğulayıb. Nazir, son iki ildə enerji transformasiyası sahəsində əldə edilən mühüm irəliləyişlərə də diqqət çəkib.
Layihənin Avropanın enerji təhlükəsizliyi üçün də çox vacib olduğunu qeyd edən Davitaşvili, Qara dəniz sualtı elektrik kabelinin bölgənin enerji infrastrukturunun gücləndirilməsinə töhfə verəcəyini bildirib. Bu layihə, həm də bərpa olunan enerji istifadəsinin artırılması məqsədinə xidmət edəcək.












































