“Qalatasaray”ın hücumçusu “Vest Hem”ə keçir

“Qalatasaray”ın hücumçusu “Vest Hem”ə keçir

Türkiyənin “Qalatasaray” klubunun hücumçusu Mbay Dian İngiltərəyə köçməyə yaxındır.

Birmillet.az saytı Apasport.az saytına istinadən bildirir ki, “Vest Hem” 30 yaşlı forvardı heyətinə qatmağa çalışır.

Premyer Liqa təmsilçisi Seneqal millisinin üzvünü birdəfəlik transfer etmək şərtilə mövsümün sonuna qədər icarəyə götürmək üçün istanbullularla danışıqlar aparır. Artıq tərəflər arasında ilkin razılığın əldə olunduğu, xırda detalların müzakirəsinin qaldığı bildirilib. Ötən mövsümü Belçika klubu “Brügge”də icarə əsasında keçirən Dian özü də “Vest Hem”lə şəxsi sözləşmənin şərtlərini razılaşdırıb.

Qeyd edək ki, “Qalatasaray”la müqavilə müddəti 2023-cü ilin yayına qədər olan forvard “cim-bom”un heyətində keçirdiyi 39 oyunda 22 qola imza atıb.