Pakistan Azərbaycana təşəkkür etdi: 125 vətəndaş İrandan təxliyə edildi
Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar, ölkəsinin 125 vətəndaşının İrandan Azərbaycana təxliyəsinə göstərilən dəstəyə görə Azərbaycan hökumətinə təşəkkür edib. Bu barədə nazir sosial şəbəkə platforması “X”də paylaşım edib.
Azərbaycan hökumətinə və XİN-ə təşəkkür
Nazir Azərbaycan Xarici İşlər Nazirliyi, XİN rəhbəri Ceyhun Bayramov və Astara sərhəd keçid məntəqəsindəki rəsmi şəxslərə təşəkkür edərək qeyd edib:
“Pakistan vətəndaşlarını İrandan qəbul etdikləri üçün Azərbaycan hökumətinə ürəkdən təşəkkür edirəm. Həmçinin Ceyhun Bayramova və sərhəd məntəqəsində çalışan bütün Azərbaycan rəsmilərinə bu çətin dövrdə göstərdikləri sürətli yardım üçün minnətdaram. Təyyarə bu gün 125 vətəndaşı Azərbaycandan Pakistana gətirəcək”.
125 vətəndaş Bakıdan Lahora göndərildi
Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin də məsələ ilə bağlı açıqlama verib. O bildirib ki, 125-dən çox Pakistan vətəndaşı, o cümlədən Tehrandakı səfirlik əməkdaşları və onların ailələri, Bakıdan Lahora təhlükəsiz şəkildə yola salınıb.
“Pakistan XİN rəhbəri İshaq Darın tapşırığı ilə, Bakıdakı səfirliyimiz təxliyə əməliyyatını uğurla həyata keçirdi. Bu, iki ölkə arasında dostluğun və əməkdaşlığın parlaq nümunəsidir”, – deyə səfir vurğulayıb.












































