Pakistan Baş naziri Şahbaz Şərif İranda rəsmi səfərdədir – ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunur
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif, İran Prezidenti Məsud Pezeşkianın rəsmi dəvəti ilə Tehranda rəsmi səfərdədir.
“Report”un “Mehr” agentliyinə istinadla verdiyi məlumata görə, Şahbaz Şərifi Tehran Mehrabad hava limanında İranın daxili işlər naziri İsgəndər Mömini qarşılayıb.
Səfər proqramına əsasən, Pakistan Baş naziri ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər, eləcə də qarşılıqlı maraq doğuran mövzularda İranın yüksək rütbəli rəsmiləri ilə müzakirələr aparacaq. Əsas görüş isə İran Prezidenti Məsud Pezeşkian ilə nəzərdə tutulur.
Məlumata görə, 2024-cü ildə İran və Pakistan arasında ticarət dövriyyəsi 3 milyard ABŞ dollarını keçib, bu da iqtisadi əməkdaşlığın gücləndiyini göstərir.
Qeyd edək ki, Şahbaz Şərifin mayın 25-dən 29-dək davam edən dörd ölkəlik səfəri çərçivəsində Türkiyə, İran, Azərbaycan və Tacikistana səfəri planlaşdırılıb.
Səfərdən əvvəl Şahbaz Şərif İslamabadda “IRNA” agentliyinə verdiyi müsahibədə bildirib ki, Tehrana səfərinin əsas məqsədi, son Pakistan-Hindistan gərginliyi fonunda İranın sülhsevər mövqeyini yüksək qiymətləndirmək və münasibətləri daha da inkişaf etdirməkdir.












































