Konqo Demokratik Respublikasında M23 üsyançıları ilə hökumət qüvvələri arasında toqquşmalar – Atəşkəs pozuldu
Konqo Demokratik Respublikasının şərqində yerləşən Valunqu rayonu (Cənubi Kivu əyaləti) bir daha silahlı qarşıdurmalara səhnə olub. Yerli mənbələrin məlumatına görə, hökumət qüvvələri ilə 23 Mart Hərəkatı (M23) adlanan üsyançı qrup arasında şiddətli toqquşmalar baş verib.
Toqquşmalar atəşkəs razılaşmasından dərhal sonra başladı
“Okapi” radiostansiyasının yaydığı məlumata əsasən, bu döyüşlər Konqo hökuməti və M23 rəhbərliyi arasında Qətər və ABŞ-nın vasitəçiliyi ilə Dohada imzalanan atəşkəs bəyannaməsindən cəmi bir gün sonra baş verib.
Döyüşlər əsasən Bvenda və Muhono yaşayış məntəqələrində cəmlənib. Bu bölgələrdə humanitar vəziyyətin pisləşdiyi, mülki əhalinin təhlükə altında olduğu bildirilir.
Sülh danışıqları üçün yeni tarix müəyyən edilib
Qətər və ABŞ-nin vasitəçiliyi ilə hazırlanmış atəşkəs razılaşmasında sülhə nail olmaq üçün danışıqların 2025-ci il avqustun 8-dək başlanması tələb edilir. Lakin döyüşlərin razılaşmadan dərhal sonra yenidən alovlanması prosesin taleyini sual altına alır.
Mütəxəssislər hesab edir ki, Konqo Demokratik Respublikasında silahlı münaqişələrin davam etməsi yalnız regional deyil, həm də beynəlxalq təhlükəsizliyə təhdid yaradır. M23 hərəkatının fəaliyyəti, hökumətin sabitliyi bərpa etməkdə çətinlik çəkdiyini göstərir.












































