KİV: Hindistanda “Boeing” qəzasının təhqiqatı pilotun səhvini üzə çıxarıb

KİV: Hindistanda “Boeing” qəzasının təhqiqatı pilotun səhvini üzə çıxarıb

“Air India” təyyarəsinin qəzaya uğraması: ABŞ mütəxəssisləri ilkin araşdırmada pilot səhvinə diqqət çəkir

Amerikalı mütəxəssislər “Air India” aviaşirkətinə məxsus “Boeing 787-8 Dreamliner” təyyarəsinin qəzaya uğraması ilə bağlı ilkin təhqiqat nəticələrini açıqlayıblar. “Wall Street Journal”ın ABŞ-dəki rəsmi mənbələrə istinadən verdiyi məlumata görə, aparılan araşdırma avadanlıqda hər hansı problem aşkar etməyib, əksinə, pilot səhvinin qəzanın əsas səbəbi olduğu qeyd olunub.

“Economic Times”ın məlumatına əsasən, Hindistan tərəfi qəzaya uğramış təyyarədən iki uçuş registratorunu deşifrə etmək və analiz üçün ABŞ-ə göndərib. Təhqiqatda ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) da iştirak edir.

Mənbələr bildiriblər ki, ilkin araşdırma göstərir: təyyarənin iki mühərrikinə yanacaq tədarükünü idarə edən açarlar pilotlar tərəfindən söndürülüb. Bu, təyyarənin havaya qalxdıqdan qısa müddət sonra mühərriklərdə dartma itkisinə səbəb olub.

Qeyd olunur ki, həmin açarlar pilotlar tərəfindən mühərriklərin işə salınması və dayandırılması üçün istifadə edilir. Təhqiqat davam edir və əlavə məlumatlar gələcəkdə açıqlanacaq.