İsrail-İran qarşıdurması – yeni dialoq üçün savaş

İsrail-İran qarşıdurması – yeni dialoq üçün savaş

İsrail və İran arasında artan hərbi gərginlik, nüvə fəaliyyətləri, regional təhlükəsizlik və diplomatik səylər fonunda yeni mərhələyə daxil olub. Rəsmi Bakı tərəflər arasında dialoqa üstünlük verir.

İran-İsrail münaqişəsinin yeni mərhələsi davam edir. Bu günə qədər müharibə daha çox Qəzza zolağında HƏMAS, Livanda “Hizbullah”, Suriyada Bəşşar Əsəd rejimi və Yəməndəki husi qiyamçıları vasitəsilə dolayı yolla aparılırdı. Lakin ötən ildən etibarən birbaşa raket hücumlarının başlanması bu iki dövlət arasında silahlı qarşıdurmanın yeni və açıq mərhələsi kimi dəyərləndirilir. ABŞ-da Donald Trampın ikinci dəfə prezident seçilməsindən sonra İranla danışıqlara hazır olduğunu bəyan etməsi, hətta ayətullah Xamenei və Prezident Məsud Pezeşkianla görüş istəyi vəziyyətin siyasi yolla tənzimlənməsinə ümid yaratsa da, qarşılıqlı zərbələr və artan itkilər prosesin mürəkkəbliyini göstərir. Pezeşkianın qərblə dialoqa açıq olduğu barədə bəyanatları və Omanın vasitəçiliyi ilə Muskatda aparılan qeyri-birbaşa görüşlər ilkin ümidlər yaratdı. ABŞ və İran arasında beş mərhələli dialoq prosesi mübahisələrin dinc yolla həllini nəzərdə tutsa da, Vaşinqtonun nüvə fəaliyyətinin tam dayandırılması və zənginləşmənin başqa ölkədə aparılması tələbi Tehranda rədd edildi. İran bu təkliflərə cavab olaraq nüvə silahı əldə etmək niyyətinin olmadığını bildirsə də, İsrail Baş naziri Netanyahu İranın husilərə nüvə silahı ötürməyə çalışdığını iddia etdi və bu səbəbdən İsrailin qabaqlayıcı zərbələr endirdiyini bəyan etdi.

İsrailin son hücumları zamanı əsas hədəflər nüvə obyektləri, nüvə fizikləri və hərbi rəhbərlik oldu. Nüvə sahəsində çalışan 14 alimin öldürülməsi və hərbi rəhbərlərin, o cümlədən SEPAH və Aerokosmik Qüvvələr komandanlarının zərərsizləşdirilməsi İranın hərbi və texnoloji gücünə ciddi zərbə vurdu. Hərbi sənaye obyektlərinin və qərargahların hədəfə alınması isə raket və dron istehsalına zərər verməyi, eyni zamanda İranı insan resursları baxımından zəiflətməyi hədəfləyirdi. Bu dəfəki hücumlar yalnız nüvə infrastrukturu ilə məhdudlaşmadı, həm də İran rejiminin hərbi və siyasi sütunlarını hədəfə aldı.

İranın daxilində qərblə danışıqlar aparmaq fikri uzun illərdir səsləndirilsə də, mühafizəkar qanad tərəfindən dəfələrlə əngəllənib. Məhəmməd Xatəmi və Həsən Ruhani dövrlərində əldə olunan uğurların davam etməməsi bunun sübutudur. 2015-ci il Əhatəli Razılaşma Planının icrasında qərbin də məsuliyyət daşıdığı unudulmamalıdır.

İran Xarici İşlər Nazirliyi İsrailin hücumlarını BMT Nizamnaməsinin pozulması kimi qiymətləndirib və Təhlükəsizlik Şurasına müraciət edib. Bölgədəki digər ölkələr, o cümlədən Azərbaycan və Türkiyə, münaqişənin danışıqlar yolu ilə həllinə çağırıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da daxil olmaqla ölkənin diplomatik rəhbərliyi beynəlxalq aktorlarla əlaqə saxlayaraq, vasitəçilik təklifini irəli sürüb.

Azərbaycan üçün hər iki ölkə strateji baxımdan əhəmiyyətlidir. İran qonşudur və orada milyonlarla azərbaycanlı yaşayır. Son zamanlar münasibətlərdə istiləşmə müşahidə edilir, Məsud Pezeşkianın Bakıya səfəri və Müctəba Dəmirçilinin səfir kimi təsdiqi bunu göstərir. İsrail isə Azərbaycanın müttəfiqidir, xüsusilə Qarabağ müharibəsində göstərdiyi dəstək xalq tərəfindən yüksək qiymətləndirilib.

Rəsmi Bakı bu səbəbdən tərəf tutmur və dialoq yolunu təşviq edir. Bu münaqişənin də sonda bitəcəyi və danışıqların başlayacağı ehtimal olunur. “The New York Times”ın məlumatına görə, Donald Tramp ABŞ nümayəndələri ilə İran rəsmilərinin yaxın günlərdə görüşməsi üçün təşəbbüs irəli sürüb. Lakin bu dəfə masaya oturan tərəflərin mövqeləri əvvəlki qədər bərabər deyil.