İraqda türkiyəli diplomatın qətli ilə bağlı 2 nəfər həbs edilib

İraqda türkiyəli diplomatın qətli ilə bağlı 2 nəfər həbs edilib

Türkiyənin Ərbildəki Baş konsulluğunun əməkdaşı Osman Kösənin qətlində şübhəli bilinən iki nəfər həbs edilib.

APA-nın xəbərinə görə, bu barədə “Anadolu” agentliyi Ankara Prokurorluğuna istinadən məlumat yayıb.

Qeyd edək ki, bu il iyulun 17-də İraqın Ərbil şəhərində restorana silahlı hücum olub. Hücum nəticəsində Türkiyənin Ərbildəki Baş konsulluğunun əməkdaşı, diplomat O. Kösə öldürülüb. Terror aktı zamanı bir İraq vətəndaşı da həyatını itirib, bir nəfər isə yaralanıb.

“İraq Kürdüstanı”nın təhlükəsizlik qüvvələri hadisədən bir neçə gün sonra terror aktının əsas icraçısı, PKK üzvü Mazlum Dağla birlikdə ona kömək edən 3 terrorçunun həbs edildiyini açıqlayıb.