İran: Sanksiyalar ləğv olunarsa, nüvə obyektlərinə nəzarət artacaq
İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, sanksiyaların ləğvi halında Tehran nüvə obyektlərinə nəzarətin artırılmasına razılıq verə bilər. Bu barədə o, “SNN” telekanalına açıqlamasında danışıb.
Əraqçi vurğulayıb ki, İran öz hüquqlarından əl çəkməyəcək, lakin nüvə fəaliyyətlərinin şəffaflığını artırmaq üçün addımlar atıla bilər:
“Biz öz hüquqlarımızdan əl çəkmirik, lakin sanksiyalar aradan qaldırılarsa, şəffaflığı artırmaq üçün tədbirlər görə bilərik”.
Nazir həmçinin qeyd edib ki, Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) hələ qüvvədədir, lakin onun tam bərpası mümkün görünmür. JCPOA-nın bəzi sanksiya aspektlərinə yenidən baxılmalı olduğunu da bildirib.
Əraqçi ABŞ-la aparılan danışıqlara toxunaraq vurğulayıb ki, əgər Vaşinqton uranın zənginləşdirilməsinin tam dayandırılması tələbində israr edərsə, heç bir razılaşma əldə olunmayacaq.












































