İran TRACECA çərçivəsində İran-Azərbaycan-Gürcüstan Tranzit Dəhlizini Təklif Edir
İran, TRACECA proqramı çərçivəsində yeni tranzit dəhlizi yaradılmasını təklif edir. Bu barədə ölkənin yol və şəhərsalma nazirinin müşaviri Amin Tərfe İran mətbuatına açıqlamasında bildirib. Onun sözlərinə görə, İran-Azərbaycan-Gürcüstan marşrutu üzrə tranzit dəhlizi təşəbbüsü İranın yol və şəhərsalma naziri Fərzanə Sadiqin Azərbaycana son səfəri zamanı təqdim olunub və rəsmi şəxslər tərəfindən müsbət qarşılanıb.
TRACECA çərçivəsində yeni regional əməkdaşlıq təşəbbüsü
A.Tərfe qeyd edib ki, bu il İran TRACECA Hökumətlərarası Komissiyasına sədrlik edəcək. Bu çərçivədə İranın tranzit potensialını artırmaq və Cənubi Qafqaz ölkələri ilə yükdaşımaları genişləndirmək üçün yeni təşəbbüslər planlaşdırılır.
İran-Türkmənistan tranzit həcmi 20 milyon tona çata bilər
Bundan əlavə, İran və Türkmənistan arasında tranzit daşımalarının artırılması ilə bağlı “yol xəritəsi” hazırlanır. Bu sənədin 17-19 may tarixlərində keçiriləcək İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın iclası çərçivəsində imzalanacağı gözlənilir.
“Şimal-Cənub” dəhlizində yeni hədəf: 3 milyon ton yük
Tərfenin sözlərinə görə, 2025-ci il martın 21-dən 2026-cı il martın 20-dək olan dövrdə “Şimal-Cənub” dəhlizinin şərq istiqaməti üzrə İran ərazisindən 3 milyon ton yükün daşınması planlaşdırılır.
TRACECA nədir?
TRACECA (Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi) — iştirakçı ölkələr arasında iqtisadi əlaqələrin, ticarət dövriyyəsinin və beynəlxalq nəqliyyat infrastrukturunun inkişafını hədəfləyən beynəlxalq proqramdır. Bu dəhliz Azərbaycan, Gürcüstan, İran, Türkiyə, Özbəkistan, Qazaxıstan, Tacikistan, Türkmənistan və digər ölkələrin nəqliyyat sistemlərini birləşdirir.












































