Türkiyə ordusu 184 rejim hərbçisini zərərsizləşdirib – YENİLƏNİB

Türkiyə ordusu 184 rejim hərbçisini zərərsizləşdirib – YENİLƏNİB

Türkiyənin Əsəd rejiminə qarşı “Bahar Qalxanı” əməliyyatı ilə bağlı son vəziyyət açıqlanıb.

Birmillet.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi öz Twitter hesabında açıqlama yayıb.

“Bahar Qalxanı” əməliyyatı gecə ərzində havadan və qurudan uğurla həyata keçirilib. 4 tank, 5 top/reaktiv yaylım atəş sistemi, 3 tank əleyhinə silah, 8 hərbi maşın, 2 yüklü dok pikapı, 2 zirehli döyüş maşını məhv edilib, 184 rejim hərbçisi isə zərərsizləşdirilib”,- deyə Müdafiə Nazirliyinin məlumatında qeyd edilib.

***

Suriyanın İdlib bölgəsində daha bir türk hərbçisi həlak olub.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Qüvvələrimizin rejim (Suriya-red.) tərəfindən atəşə tutulması nəticəsində “Bahar qalxanı” əməliyyatı bölgəsində bir qəhrəman silahdaşımız şəhid olub və doqquzu yaralanıb. Bu rayonda rejimin 82 mövqeyinə cavab atəşi davam etdirilir”, – məlumatda deyilir.

Türkiyə Milli Müdafiə Nazirliyi onu da əlavə edib ki, cavab atəşi ilə 9 tank, 2 haubitsa, 2 hərbi avtomobil, 6 raket qurğusu, eləcə də 299 Suriya əsgəri zərərsizləşdirilib.

***

ABŞ Müdafiə naziri Mark Esper Türkiyəyə hava hücumu dəstəyi verməyəcəklərini açıqlayıb.

Birmillet.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə naziri günlük mətbuat brifinqində bildirib.

Esper, həmçinin Türkiyə Müdafiə naziri Hulusi Akarla baş tutan telefon danışığından da bəhs edib: “Türk həmkarıma rusların həmişə yaxşı tərəfdaş olmadığını bir daha bildirdim”.

***

Türkiyə Suriya rejiminin İdlibdə həyata keçirdiyi hava hücumlarına cavab olaraq Avropa ilə sərhədləri qaçqınlar üçün açdıqdan sonra Türkiyədən Yunanıstana keçən qaçqınların sayı 130.469-a çatıb.

Bu barədə Türkiyə Daxili İşlər naziri Süleyman Soylu öz Twitter hesabında məlumat verib.

***

Suriyanın İdlib şəhərində Türkiyənin daha bir əsgəri şəhid olub.

Anadolu agentliyinin verdiyi məlumata görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Daha bir əsgər isə yaralanıb.

***

Türkiyə Milli Müdafiə Nazirliyi Suriyanın şimalında Bəşər Əsəd rejiminə qarşı gerçəkləşdirilən “Bahar qalxanı” hərəkatı çərçivəsində düşmənin itkilərini açıqlayıb.

Anadolu agentliyinin verdiyi xəbərə görə, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar açıqlayıb.

“Bu günədək 2 hərbi təyyarə, 2 PUA, 8 helikopter, 135 tank, 5 hava hücumundan müdafiə sistemi, 2 557 rejim ünsürü zərərsizləşdirilib”, – nazir vurğulayıb.

***

ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Stefan Viskonti (Fransa), Endryu Şefer (ABŞ) və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Türkiyəyə səfər ediblər.

Birmillet.az “APA”ya istinadən xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu həmsədrlərlə və A. Kaspşiklə görüşüb.

***

“Rusiya heç kimlə müharibə etməyə hazırlaşmır”.

Birmillet.az “APA”ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin TASS agentliyinə müsahibəsində deyib.

“Biz heç kimlə müharibə etməyə hazırlaşmırıq. Lakin müdafiə sahəsində elə bir vəziyyət yaradırıq ki, bizimlə müharibə etmək heç kəsin ağlına gəlməsin”, deyə Rusiya Prezidenti vurğulayıb.Putin Rusiyanın müdafiə xərclərinə görə dünyada 7-ci yerdə qərarlaşdığını qeyd edib: “Bu gün Rusiya müdafiə xərclərinə görə, ABŞ, Çin, Səudiyyə Ərəbistanı, Böyük Britaniya, Fransa və Yaponiyadan geridədir. Üstəlik, bizim xərclər ilbəil azalır. Digər ölkələrin müdafiə xərcləri isə artır”.

Rusiya Prezidenti onu da qeyd edib ki, müdafiə sahəsində unikal vəziyyət yaranıb: “Biz ilk dəfə olaraq elə hücum sistemləri yaratmışıq ki, heç kimdə bu silahdan yoxdur. Əvvəllər silahı digərləri yaradırdı, sonra biz o silahdan yaradıb onlara çatırdıq. İndi isə onlar bizə çatmaq istəyirlər. Bu, unikal hadisədir, heç vaxt belə olmayıb”.

O söhbətin hipersəsli zərbə komplekslərindən, o cümlədən qitələrarası raketlərdən getdiyini bildirib.

***

Bu gün ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Kelli Kraft və ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri Türkiyəyə səfər edəcəklər.

Birmillet.az-ın xəbərinə görə, bu barədə CNN TÜRK məlumat yayıb.

Görüş zamanı Suriyanın şimalında, İdlib vilayətində baş verənlər müzakirə olunacaq.

***

100 mindən çox qaçqın sərhədlərin onların üzünə açıq elan olunması barədə rəsmi Ankaranın verdiyi qərardan sonra Türkiyə-Avropa Birliyi sərhədini keçib.

Birmillet.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu açıqlama verib.

“Yerli vaxtla saat 19:40-a (Bakı vaxtı ilə 20:40) olan məlumata görə, Ədirnə vasitəsilə ölkəmizi tərk edən qaçqınların sayı 100 577 nəfərdir”, – deyə S.Soylu özünün “Twitter” səhifəsində yazıb.

O bundan əvvəl 76 mindən çox qaçqının Türkiyəni tərk etdiyini yazmışdı.

“Reuters”in cümə günü yazdığına görə, Ankara dəniz və ya quru yolu ilə Avropaya keçmək istəyən suriyalı qaçqınların qarşısını almayacağı barədə qərar qəbul edib. Türkiyə polisinə, sahil mühafizəçilərinə və sərhəd buraxılış məntəqələrinə Suriyadan Avropaya qaçqın axınına mane olmamaq barədə göstəriş verilib. Bu qərar Suriyanın İdlib əyalətində cümə axşamından cümə gününə keçən gecə 36 türk əsgərinin ölümü ilə nəticələnən hava hücumunun ardından verilib.

***

Türkiyə ordusu Suriyanın Hələb əyalətində yerləşən “Nayrab” hərbi aerodromuna zərbələr endirib.

“Anadolu Agentliyi”nin verdiyi məlumata görə, hərbi obyekt Bəşər Əsəd gücləri tərəfindən aktiv şəkildə istifadə olunurdu. Qeyd edilir ki, zərbə aerodroma Türkiyə Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları və artilleriyası tərəfindən endirilib. Agentlik digər təfərrüatları açıqlamır.

***

Türkiyə və Rusiya Xarici İşlər nazirləri Mövlud Çavuşoğlu və Sergey Lavrov arasında telefon danışığı olub.

“RİA Novosti”nin yaydığı məlumatına görə, XİN başçıları hər iki ölkə prezidentlərinin baş tutacaq görüşləri barədə fikir mübadiləsi aparıblar.

“Bizim nazir rusiyalı həmkarı Sergey Lavrovla danışıqlar aparıb. Liderlərin görüşü öncəsi məsələlər müzakirə olunub”, – agentliyin Türkiyə XİN-dəki həmsöhbəti deyib.

Qeyd edək ki, Türkiyə və Rusiya prezidentləri Recep Tayyib Erdoğan və Vladimir Putin arasında Suriyanın İdlib vilayətində yaşanan gərginliklə bağlı martın 5-də Moskvada görüş keçiriləcək

***

Türkiyə ordusu Suriya rejiminə məxsus iki “Su-24” qırıcı təyyarəsini məhv edib.

Birmillet.az “APA”nın Türkiyə bürosuna istinadən xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Qırıcı təyyarələr Suriyanın İdlib vilayətində Türkiyə ordusunun mövqelərinə təhdid yaratdığı üçün vurulub. Eyni zamanda İdlibdə Türkiyəyə məxsus silahlı pilotsuz aparatı vuran iki hava hücumundan müdafiə sistemi də sıradan çıxarılıb.

***

Türkiyə fevralın 27-də Suriyanın İdlib vilayətində 36 hərçisinin şəhid edilməsindən sonra “Bahar qalxanı” əməliyyatına başlayıb.

Birmillet.az “APA”nın Türkiyə bürosuna istinadən xəbər verir ki, bunu bu gün Türkiyə Müdafiə naziri Hulisi Akar bəyan edib.Akar fevralın 27-dən ötən dövr ərzində İdlibdə Suriya rejiminə məxsus 1 pilotsuz uçuş aparatı, 8 vertolyot, 103 tank, 72 top, 3hava hücumundan müdafiə sistemi, 2 min 212 hərbçinin məhv edildiyini bildirib: “İdlibdə Rusiya ilə qarşı-qarşıya gəlmək kimi bir niyyət və məqsədimiz yoxdur. Niyyətimiz Suriya rejiminin qətliamına son qoymaq və qaçqın axınının qarşısının alınmasıdır. Rusiyadan gözləntimiz Suriya rejiminin hücumlarını dayandıraraq Soçi razılaşması sərhədlərinə çəkilməsi üçün nüfuzundan istifadə etməsidir”.

***

Artıq 76 min 358 miqrant Türkiyə və Avropa İttifaqı ölkələri arasındakı sərhədi keçib.

Birmillet.az “APA”ya istinadən məlumat verir ki, bunu bu gün Türkiyə Daxili İşlər naziri Süleyman Soylu bildirib. Soylu deyib ki, bu, Türkiyə Prezidenti Rəcəb Tayyib Erdoğanın Ankaranın Avropa İttifaqı ilə sərhədləri miqrantlar üçün açıq elan etməsindən sonra ötən müddətdə qeydə alınıb. R. T. Erdoğan Türkiyənin suriyalı qaçqınlar üçün sərhədi açdığını bildirib.

Xatırladaq ki, 2016-cı ilin martında Avropa İttifaqı və Türkiyə arasında miqrant böhranına qarşı mübarizə ilə əlaqədar plan qəbul edilib. Plan miqrantların qəbulu üçün Avropa İttifaqının Türkiyəyə maliyyə yardımı göstərməsini, Türkiyə ərazisindən Yunanıstana keçən miqrantların Türkiyəyə  qaytarılmasını, suriyalı leqal miqrantların 1:1 prinsipi ilə Türkiyə və Avropa İttifaqı tərəfindən qəbul edilməsini nəzərdə tutub.

Bir müddət əvvəl isə  Ədalət və İnkişaf Partiyasının mətbuat katibi Ömər Çelik  bəyan edib ki, Türkiyə miqrasiya siyasətinə sadiqdir, lakin artıq Suriyadan gələn miqrant axınını qəbul etmək iqtidarında deyil. Bu bəyanatdan sonra Türkiyə ilə qonşu ölkələr sərhədlərinə nəzarəti gücləndirib.

***

ABŞ Xarici İşlər Naziri Mike Pompeo İdlib hücumundan sonra ABŞ-ın Türkiyə ilə daima əlaqədə saxladığını və Türkiyəyə yardım variantlarını gözdən keçirdiyini bildirib.

Birmillet.az “BBC Türkiye”yə istinadən xəbər verir ki, yazılı açıqlama verən və “NATO müttəfiqimiz Türkiyənin yanındayıq” deyən Pompeo ” ABŞ bu hücumu ən sərt şəkildə qınayır. Əsəd rejimi, İran və Hizbullah İdlibdə davam edən hücumlarına son verməlidirlər”, – deyə bildirib.

Pompeo həmçinin əlavə edib ki, Əsəd rejimi Suriya ərazisində atəşkəs elan edilməsini nəzərdə tutan BMT TŞ-nın 2254 saylı qərarının bütün maddələrinə riayət edənə qədər ABŞ Suriyanın beynəlxalq ictimaiyyətə yenidən inteqrasiya olunması üçün əlindən gələni edəcək.

***

BMT Təhlükəsizlik Şurası İdlib məsələsi ilə bağlı təcili iclas keçirib.

Birmillet.az “BBC Türkiye”yə istinadən xəbər verir ki, iclası açıq elan edən BMT TŞ-nın Baş Katibi Antonio Guterres öz çıxışında bölgədə bir neçə gündür davam edən həyəcanın sadəcə atəşkəşlə sonlana biləcəyini söylədi.

Qeyd edək ki, iclas ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, Belçika, Estoniya və Dominikan Respublikasının təşəbbüsü ilə çağırılıb.

***

Türkiyənin Milli Müdafiə Nazirliyinin Twitter hesabında verilən açıqlamaya əsasən, İdlibdə bir türk əsgərin həyatını itirməsi və iki əsgərin yaralanması qeydə alınıb.

Birmillet.az “BBC Türkiye”yə istinadən xəbər verir ki, açıqlamada bildirib:

“Atəşkəsi təmin etmək üçün İdlib bölgəsindəki qüvvələrimizə qarşı rejim tərəfindən təşkil olunmuş top hücumunda bir qəhrəman silah yoldaşımız şəhid olmuş, 2 qəhrəman silah yoldaşımız isə yaralanmışdır. Bölgədə atəşə tutulan rejim hədəflərini vurmağa davam edirik”.

***

Türkiyə prezidenti R.T.Erdoğan ilə Almaniyanın kansleri Angela Merkel arasında telefon danışığı olub.

Birmillet.az “BBC Türkiye”yə istinadən məlumat verir ki, Merkel İdlibdəki hücumu qınayıb.

Görüşün ardınca Almaniya hökümət sözçüsü Steffen Seibert da hücumu pisləyib və Suriya rejimi və onun dəstəkçilərini hücum əməliyyatlarına son qoymağa çağırıb.

***

Türkiyə prezidenti R.T.Erdoğan ilə ABŞ prezidenti Donald Trump arasında telefon danışığı baş tutub.

Birmillet.az “BBC Türkiye”yə istinadən xəbər verir ki, İdlibdə Suriya ordusunun hücumunda 33 türk əsgərinin ölümündən sonra baş tutan telefon danışığı ilə əlaqədar Türkiyə höküməti yazılı açıqlama verib.

Açıqlamada deyilir ki, Erdoğan hücumu gerçəklşdirənlərin lazımi cavabı aldıqlarını və Türkiyənin Soçi Razılaşmasına uyğun olaraq Suriyanın rejim ünsürlərindən təmizlənməsində qərarlı olduğunu bildirib.

Ağ Evin verdiyi açıqlamada Türkiyənin Suriyadakı səylərinin ABŞ tərəfindən dəstəkləndiyi bildirib.

***

Putin və Erdoğan 5 və ya 6 mart tarixində görüşə bilər.

Birmillet.az Rusiyanın RİA xəbər agentliyinə istinadən xəbər verir ki, Kremlin tərəflər arasındakı görüşün 5 və ya 6 mart tarixində keçirilə biləcəyini bildirib. Əlavə detallar hələ ki açıqlanmayıb.

***

İdlibdə 33 türk əsgərinin həyatını itirdiyi hücumdan sonra Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasını çağırıb.

Birmillet.az “BBC Türkiye”yə istinadən xəbər verir ki,  iclasdan sonra Kremlin sözçüsü Dmitri Peskov Türkiyənin İdlib bölgəsindəki hərbi qüvvələrin idarəetməsini nəzərdə tutulan şəkildə həyata keçirmədiyini və türk əsgərlərinin olduğu ərazilərlə bağlı Rusiyaya məlumat vermədiyini bildirib.

Kremlin verdiyi açıqlamada Moskvanın Türkiyədəki Rusiya vətəndaşlarının və diplomatik missiyasının qorunması üçün lazımlı tədbirlərin görülməsini gözlədiyini də nəzərə çatdırıb.

Vladimir Putin də Kremlin səhər saatlarında verdiyi açıqlamanı təkrarlayaraq bildirib ki, türk əsgərləri İdlibdəki nəzarət nöqtələrinin xaricində olmamalıydılar.

***

NATO-nun Türkiyənin tələbi ilə Brüsseldə keçirdiyi iclas başa çatdı.

Birmillet.az “BBC Türkiye”yə istinadən xəbər verir ki, iclasdan sonra mətbuat konfransı keçirən NATO-nun Baş Katibi Jens Stoltenberg İdlibdə 33 türk əsgərinin öldüyü hücumu qınadıqlarını bildirib.

Baş Katib NATO-nun Türkiyənin yanında olduğunu və Türkiyəyə hava müdafiə dəstəyinin artırılacağını bildirsə də, görüləcək tədbirlər barədə detalları açıqlamayıb.

***

Kremlin Rusiya və Türkiyə dövlət başçıları arasında telefon danışığı ilə bağlı açıqlama yayıb.

Birmillet.az Rusiya İnterfax Agentliyinə istinadən məlumat verir ki, Erdoğan və Putinin yaxın vaxtlarda keçiriləcək görüşün tarixini müəyyənləşdirməyə çalışdıqlarını bildirən Kremlin İdlibdəki hadisələrdən hər iki liderin narahatlıq duyduğunu bildirib.

Ria Xəbər Agentliyinin verdiyi məlumata əsasən, Erdoğan və Putin İdlibdəki vəziyyətin tənzimlənməsi üçün əlavə tədbirlərin görülməsi mövzusunda razılığa gəliblər.

***

Dünən İdlibdə baş verən və 33 türk əsgərinin öldüyü hücumdan sonra NATO-nun fövqəladə toplantısı baş tutacaq.

Birmillet.az “BBC Türkiye”yə istinadən xəbər verir ki, toplantı Türkiyənin tələbi ilə keçiriləcək.

Qeyd edək ki, NATO-nun Baş Katibi Jens Stoltenberg İdlibdəki hava hücumunu qınayıb və hücumlara son qoyulması ilə bağlı çağırış edib.

***

Rusiya Müdafiə Nazirliyi Türkiyənin və türk əsgərlərinin İdlibdəki əməliyyatları ilə bağlı Moskvanın məlumatlandırılmadığını bildirib.

Birmillet.az “Rus İnterfax” və “Ria Novosti” xəbər agentliklərinin verdiyi məlumata istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi “Türkiyədən verilən məlumata görə türk əsgərləri o bölgədə olmamalıydı. Rus hərbi təyyarələri Türkiyə qüvvələrinin olduğu yerə hava hücumu təşkil etməyib. İdlibdəki hava hücumunda Suriya tərəfindən döyüşənlərin arasında türk əsgərləri vurulub”, – deyə açıqlama verib.

Nazirlik həmçinin bildirib ki, “Rusiya Türkiyə tərəfinin verdiyi itkilərdən xəbər tutduqdan sonra Suriya hökümətinin atəşkəs tətbiq etməsi üçün əlindən gələn hər şeyi edib”.

***

Ötən gecə İdlibdə Türkiyə Silahlı Qüvvələrinin 33 əsgərinin şəhid olması ilə nəticələnən hücumdan sonra bu gün Müdafiə naziri Hulusi Akar Suriya ilə sərhədə gedib.

Birmillet.az “BBC Türkiye”yə istinadən xəbər verir ki, hazırda Müdafiə naziri generallarla İdlibdəki rejim hədəfləri üçün quru və hava dəstəyi vasitələri tərəfindən edilən əməliyyatı istiqamətləndirir və idarə edir.

***

İdlibdə Türkiyə Silahlı Qüvvələrinin şəhid sayı növbəti dəfə artıb. Hatay valisi Rahmi Doğan indiyədək 33 türk əsgərinin şəhid olduğunu açıqlayıb.