Gürcüstan Prezidenti: Radikal Qüvvələrin 99 Faizi Xarici Təsirlərdən Asılıdır
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili bildirib ki, ölkədə fəaliyyət göstərən radikal siyasi qüvvələrin və aktivistlərin 99 faizi xarici təsirlərlə bağlıdır. Bu barədə dövlət başçısı “Rustavi 2” telekanalında yayımlanan “Gecə Kuriyeri” verilişində çıxışı zamanı danışıb.
Prezidentin sözlərinə görə, istər sosial şəbəkələrdə aktiv olanlar, istər qeyri-hökumət təşkilatları (QHT), istərsə də bəzi media qurumları və siyasi partiyalar xarici aktorların təsiri altındadır. O vurğulayıb ki, onların böyük əksəriyyəti ya maliyyə dəstəyi, ya ideoloji yönləndirmə, ya da birbaşa əlaqələrlə xarici strukturlara bağlıdır:
“Heç kim tam müstəqil şəkildə Gürcüstanın daxili ictimai tələbatına əsaslanaraq təşkilat yaratmır və hakimiyyətə qarşı çıxış etmir. Belə bir nümunə yoxdur”.
Kavelaşvili onu da qeyd edib ki, özlərini müstəqil ekspert və ya təşkilat təmsilçisi kimi təqdim edən şəxslər də əslində müəyyən formalarda xarici təsir dairəsinə cəlb olunublar:
“Hamı bir formada bu proseslərin içindədir – ya maliyyə alırlar, ya təşkilatların üzvüdürlər, ya da başqa şəkildə koordinasiyalı fəaliyyət göstərirlər”.
Prezidentin fikrincə, bu cür fəaliyyətlər birbaşa olaraq “dərin dövlət” (Deep State) adlandırılan qaranlıq strukturlar tərəfindən sifariş olunur və yönləndirilir. Onun sözlərinə görə, bu qüvvələrin ifşası məhz onlara qarşı səsləndirilən doğru və hədəfə yönəlmiş mesajlarla mümkün olur:
“Əgər onlar hərəkətə keçiblərsə və qarayaxma kampaniyasına başlayırlarsa, bu o deməkdir ki, mesajlar hədəfə dəyib”.












































