Dağıstan və Azərbaycan arasında müntəzəm hava əlaqəsinin bərpası ilə bağlı danışıqlar aparılır
Dağıstan hökuməti Azərbaycanla birbaşa hava əlaqəsinin bərpası istiqamətində aktiv danışıqlar aparır. Bu barədə məlumatı Dağıstan hökumətinin sədri Abdulmuslim Abdulmuslimov “RİA Novosti” agentliyinə açıqlayıb.
“Hazırda Azərbaycanla müntəzəm hava əlaqəsinin yenidən qurulması üçün danışıqlar davam edir. Bundan əlavə, Gürcüstan və İranla da birbaşa uçuşların təşkil edilməsi imkanları nəzərdən keçirilir”, – deyə o bildirib.
Xatırladaq ki, Azərbaycanla Dağıstan arasında birbaşa uçuşlar 2024-cü il dekabrın 25-də baş verən təyyarə qəzasından sonra müvəqqəti olaraq dayandırılıb. Həmin gün “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus Bakı–Qroznı marşrutu üzrə hərəkət edən “Embraer 190” tipli təyyarə Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramışdı. İlkin məlumatlara əsasən, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında fiziki və texniki xarici təsir nəticəsində qəzaya məruz qalıb.
Danışıqların müsbət nəticələnəcəyi halda, Dağıstan ilə Azərbaycan arasında hava nəqliyyatının bərpası həm turizm sahəsinin inkişafına, həm də iqtisadi və mədəni əlaqələrin genişlənməsinə töhfə verəcək.












































