Qazaxıstan 2030-cu ilə qədər enerji sektorunda bərpa olunan enerji payını 15%-ə çatdıracaq. COP29 çərçivəsində Mərkəzi Asiya Enerji Keçidi üzrə İnvestisiya Forumunda Qazaxıstanın energetika nazirinin müavini İlyas Baxıtjan bu hədəfi açıqlayıb. O, 2050-ci ilə qədər bu göstəricinin 50%-ə çatdırılacağını vurğulayıb, hazırda isə ölkədə bərpa olunan enerjinin payı 6% təşkil edir.
İlyas Baxıtjan qeyd edib ki, Qazaxıstanın iqtisadiyyatı inkişaf etdikcə elektrik enerjisinə tələbat artır və yeni enerji potensialının yaradılması əsas hədəflərdəndir. 2035-ci ilə qədər 26 QVt gücündə elektrik enerjisi istismara veriləcək və bərpa olunan enerji mənbələrinin payı 25% olacaq. Eyni zamanda, Qazaxıstan karbon neytrallığına nail olmaq üçün ənənəvi və alternativ enerji mənbələrini inkişaf etdirəcək.
Qazaxıstan 2060-cı ilə qədər yaşıl enerji sahəsində irəliləyiş etməyi və karbon neytrallığına nail olmağı planlaşdırır. Külək enerjisi istehsalı və bərpa olunan enerji obyektlərinin tikintisi əsas perspektiv sahələr kimi seçilib. COP29 zamanı Qazaxıstan və Çin arasında bərpa olunan enerji layihələri üzrə sənədlər imzalanıb, Masdar şirkəti ilə də böyük layihələrin həyata keçirilməsinə dair sazişlər bağlanıb. Bu layihələrə ümumi olaraq 3,7 milyard dollar investisiya qoyulması planlaşdırılır.
COP29-un təşkilatçısı Azərbaycan tərəfinin təşəbbüsləri də Qazaxıstan tərəfindən dəstəklənir və niyyətlər imzalanmış sənədlərlə təsdiqlənir.












































