Belçikanın Ticarət Missiyası Fevralın 16-19-da Azərbaycana Səfər Edəcək
Belçikanın ticarət missiyasının fevralın 16-19-da Azərbaycana səfəri planlaşdırılıb. Bu barədə Belçika-Azərbaycan Ticarət Palatasının (“Belgazercom”) Direktorlar Şurasının sədri Stef Qoris sosial media hesablarında məlumat verib.
O qeyd edib ki, 2024-cü il dekabrın 11-də yaradılan “Belgazercom” təxminən 20 belçikalı və 3 azərbaycanlı üzvdən ibarətdir və palata 4 belçikalı iş adamından ibarət Direktorlar Şurası tərəfindən idarə olunur.
Səfər çərçivəsində Azərbaycan müəssisələri ilə B2B görüşlər təşkil ediləcək və bütün maraqlı Belçika şirkətləri bu ticarət missiyasına qoşula biləcək.
Bakıya səfər zamanı “Belgazercom”un Direktorlar Şurası Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) rəhbərliyi ilə görüşlər keçirəcək.
Bundan əlavə, Belçikanın Azərbaycandakı səfirliyində iştirakçı şirkətlərin biznes maraqları və əməkdaşlıq imkanlarına dair müzakirələr aparılacaq.












































