Baydenin təyinatlarından çıxan nəticə, Ərdoğanın Qərbə isti mesajları, Putin faktoru…

Baydenin təyinatlarından çıxan nəticə, Ərdoğanın Qərbə isti mesajları, Putin faktoru…
“Baydenin maraqlı təyinatları olacaq”.  
Birmillet.az saytı Qaynarinfo-ya istinadən xəbər verir ki, bunu politoloq Şahin Cəfərli deyib. Onun sözlərinə görə, bu təyinatlar Bayden dönəmində Rusiya istiqamətinin ön planda olacağını, onun Rusiya problematikasını yaxşı bilən kadrlara ehtiyac duyduğunu deməyə əsas verir:
“Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) direktoru vəzifəsinə Uilyam Börnsün namizədliyi irəli sürüləcək. Börns çox təcrübəli diplomatdır, 33 il bu sistemdə çalışıb, dövlət katibinin müavini vəzifəsinə qədər yüksəlib. Börns 2005-2008-ci illərdə Rusiyada səfir olub. Bayden Milli Təhlükəsizlik Şurasında Rusiya və Mərkəzi Asiya üzrə ayrıca direktorluq yaradır. Tramp dövründə Rusiya istiqaməti Avropa ilə birləşdirilmişdi. Rusiya-Mərkəzi Asiya üzrə direktor vəzifəsinə Andrea Kendall-Teylor adlı xanım təyin olunacaq. O, kəşfiyyat strukturlarında 8 il çalışıb, CİA-in Rusiya üzrə baş analitiki olub. Obama dövrünün populyar xarici siyasət fiqurlarından olan Viktoriya Nulandın dövlət katibinin siyasi məsələlər üzrə müavini təyin olunacağı gözlənilir. Nuland Rusiya və postsovet məkanı üzrə mütəxəssisdir. Göründüyü kimi, Börns, Kendall-Teylor və Nulandın ortaq nöqtəsi Rusiyadır. Hər üçü rus dilini bilir”.
Şahin Cəfərli hesab edir ki, Vaşinqtonda bütün çevrələr daha ciddi rəqib kimi Çini görürlər:
“Amma Çin strateji təhdid kimi qiymətləndirilir və onunla mübarizənin uzun sürəcəyi düşünülür. Rusiyaya isə cari mərhələnin təhlükə mənbəyi kimi baxılır. Söhbət təkcə Putin rejiminin beynəlxalq siyasət baxımından Amerikaya yaratdığı müəyyən problemlərdən getmir, bu faktor son illər ABŞ-ın içərilərinə də nüfuz etməyə başlayıb. ABŞ-da ümumi şəkildə alt-right (alternativ sağ) deyilən ağ supremasist, neonasist, antisemit qrupların kumirlərindən biri Vladimir Putindir. (Paradoksa baxın ki, qızı yəhudi olan və aktiv israilpərəst siyasət yeridən Trampın tərəfdar kütləsi içərisində yəhudi düşmənləri, Holokost inkarçıları ən öndə yer alır.) Onlar Putini ağ irqin xilaskarı qismində görürlər. Bu qrupların savadlı nümayəndələri Aleksandr Duginin kitablarını oxuyur, mühazirələrini dinləyirlər. Duginin kitablarını ingilis dilinə tərcümə edən rusiyalı Nina Kupriyanova Amerika neonasistlərinin lideri Riçard Spenser ilə evli olub. Spenser Rusiyanı “dünyada yeganə ağ güc” adlandırır. “Ku-kluks-klan”ın sabiq liderlərindən biri olan Devid Dyuk Rusiyanı “ağların xilasının açarı”, İşçi Partiyası adlı radikal millətçi qrupun lideri Metyu Heymbax isə Putini “azad dünyanın lideri” hesab edir”.
Politoloq qeyd edib ki, btün bu qruplaşmalar son illər Trampın ətrafında cəmləşiblər:
“Politkorrektlik dövründə görməzdən gəlinən həmin çevrələr Tramp dönəmində diqqət mərkəzinə çıxaraq aktivləşdilər. Yanvarın 6-da Konqres binasına hücum edənlər məhz bunlar idi. Uzun zamandan bəri (bəlkə 1865-ci il – vətəndaş müharibəsindən sonranı götürmək olar) ilk dəfə Vaşinqtonda, Ağ Evdə onların narahatlıqlarını anlayan, onlar kimi düşünən, onlarla empati quran və eyni dünyagörüşü bölüşən bir şəxsi, bir növ öz adamlarını görən bu qrupların xəyallarının cəmi 4 il sonra yıxılması həmin aqressiv kütləni sözün əsl mənasında azğınlaşdırdı. Onlar renessans dönəmlərini yaşarkən yenidən həyatın dibinə yuvarlanmağı qəbullana bilmirlər və sistem tərəfindən yenidən əziləcəklərindən qorxurlar. Amerikan elitləri fərq etməyə başladılar ki, dünyadakı uzunömürlü və müəyyən parametrlərə görə uğurlu avtokratiyalar (Putin rejimi başda olmaqla) onları içəridən “vurmağa”, bəzi əhali təbəqələrinə təsir göstərməyə başlayıb. Təkcə amerikalı deyil, avropalı sistem əleyhdarı radikalların və populistlərin – yeri gəlmişkən, qonşumuz Gürcüstandakı irqçi millətçilərin də – Rusiya ilə sıx əlaqələri hamıya məlum faktdır. Yəni, müasir Rusiya uzun illər apardığı məqsədyönlü siyasətlə Qərb ənənəvi liberal sistemi və bu sistemin hegemoniyası üçün böyük təhdid elementinə çevrilib. Məsələn, Çin bu cür aqressiv siyasət aparmır, hətta liberal-qlobalist düzən onların maraqlarına uyğundur.
Bütün bu səbəblərə görə, Putin rejimini neytrallaşdırmaq Bayden hökumətinin əsas xarici siyasət vəzifələrindən biri, bəlkə də birincisi kimi görünür. Amma Baydenin özü də daxil olmaqla, indi mühüm vəzifələrə gətirilən (qaytarılan) əksər fiqurların vaxtilə Obama komandasında da çalışdıqlarını unutmaq olmaz. Gözləyək…”
Şahin Cəfərli sonda onu da əlavə edib ki, prezident Ərdoğanın son vaxtlar Qərbə sıcaq mesajlar verməsinin səbəblərindən biri Rusiyaya ciddi basqı tətbiq ediləcəyindən xəbərinin olmasıdır:
“Və əziləcəyi ehtimal olunan tərəfin yanında durmaq istəmir, ən azından fırtınanın gəlib-keçməsini gözləyir. Amma əsas səbəb, məncə, daxili (xüsusən iqtisadiyyat) və xarici siyasətdə düşdüyü dalan vəziyyətidir”.