Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Laçında keçirilən sammiti regional sabitlik və strateji əməkdaşlığın gücləndirilməsinə yönəlib. Politoloq Basim Reza sammitin geosiyasi əhəmiyyətini dəyərləndirib.
Mayın 28-də Laçında Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Şahbaz Şərifin iştirakı ilə keçirilən üçtərəfli sammit regional sabitliyə və qarşılıqlı rifaha ümumi sadiqliyi nümayiş etdirdi.
Pakistanlı politoloq Basim Reza bildirib ki, Pakistan Baş nazirinin Azərbaycana səfəri İslamabadın sərhəd təhlükəsizliyi, müdafiə sahəsində əməkdaşlıq və regional diplomatik əlaqələrin gücləndirilməsi istiqamətində ciddi marağını əks etdirir.
Politoloqun sözlərinə görə, Şahbaz Şərifin bölgəyə ardıcıl səfərləri – Türkiyə, İran, Azərbaycan və Tacikistan daxil olmaqla – strateji yanaşma və əməkdaşlığın mərhələli şəkildə qurulmasını əhatə edir. Türkiyə ilə müdafiə və ticarət sahəsində müzakirələrdən sonra İranla sərhəd sabitliyi və regional əməkdaşlıq, Azərbaycanda enerji və müdafiə sahələrində tərəfdaşlığın gücləndirilməsi və son olaraq Tacikistanla əlaqələrin Mərkəzi Asiya kontekstində möhkəmləndirilməsi qeyd olunub.
Basim Reza həmçinin qeyd edib ki, Azərbaycan və Pakistan İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində regional infrastruktur təşəbbüsləri və enerji təhlükəsizliyi məsələlərində əməkdaşlığa açıqdır.
İki ölkə arasındakı ikitərəfli münasibətləri qiymətləndirən politoloq bildirib:
“Azərbaycan və Pakistan arasında strateji tərəfdaşlıq artıq müdafiə, enerji və diplomatik əlaqələrdə fəal əməkdaşlıq səviyyəsinə çatıb. “JF-17” hərbi təyyarələrinin tədarükü üzrə saziş və birgə təlimlər regionun təhlükəsizliyinə ortaq sadiqliyimizi nümayiş etdirir.”
B.Reza əlavə edib ki, bu tərəfdaşlıq ölkələrin strateji mövqeləri və imkanlarından istifadə edərək daha inteqrasiya olunmuş və təhlükəsiz regional nizam qurmağa yönəlib.












































