İsrail və Türkiyə Azərbaycandakı Danışıqlarda Suriyaya dair Razılığa Gələ Bilməyiblər
Azərbaycanda keçirilən diplomatik danışıqlar zamanı İsrail və Türkiyə nümayəndələri Suriyada gərginliyin azaldılması məsələsində ortaq mövqe formalaşdıra bilməyiblər. İsrailin “Kan” telekanalının yaydığı məlumata əsasən, tərəflər arasında fikir ayrılıqları səbəbilə müzakirələrin növbəti mərhələsi təxirə salınıb.
Məlumata görə, növbəti raund yəhudi Pasxa (Pesax) bayramının başa çatmasından sonra davam etdiriləcək. Bayram səbəbilə danışıqlar gələn həftənin sonuna qədər təxirə salınıb.
Eyni zamanda, diplomatik gərginliyi əks etdirən digər bir detal da ortaya çıxıb. Belə ki, Türkiyə hakimiyyəti İsrail nümayəndə heyətini daşıyan hərbi təyyarənin Bakıya uçarkən Türkiyə hava məkanından keçməsinə icazə verməyib. Nəticədə təyyarə alternativ marşrutla – Qara dəniz üzərindən keçərək, qərb istiqamətindən Türkiyə ətrafında uçuş həyata keçirib.
Bu hadisə bölgədə diplomatik münasibətlərin həssaslığını və Suriyada davam edən proseslərə dair fikir ayrılıqlarını bir daha göstərir.












































