Ankarada “Qərbi Azərbaycana Qayıdış” Mövzusunda Beynəlxalq Konfrans Keçirildi
Türkiyənin Ankara şəhərində “Qərbi Azərbaycana Qayıdış: İnsan Hüquqlarının Aliliyinin Mühüm Şərti Kimi” mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbir Qərbi Azərbaycan İcması və “Azərbaycan-Türkiyə Evi” İctimai Birliyinin birgə təşkilatçılığı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, ADA Universiteti və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin tərəfdaşlığı ilə baş tutub.
Konfransın iştirakçıları və məqsədi
“Report”un Ankara bürosunun məlumatına görə, konfransda Azərbaycan və Türkiyədən yüksək səviyyəli rəsmilər, millət vəkilləri, dövlət nümayəndələri, akademiklər, elm və iş adamları, QHT və media nümayəndələri iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev, Milli Məclisin deputatları, Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin birinci müavini Efkan Ala, sədr müavini Zafer Sırakaya, TBMM-in komitə sədrləri, universitet rektorları və digər nüfuzlu şəxslər çıxış ediblər.
Qərbi Azərbaycan məsələsi dövlət siyasətinin prioritetidir
Konfrans Qərbi Azərbaycanla bağlı sənədli filmin nümayişi ilə başlayıb. Açılış nitqində çıxış edən Ədalət Vəliyev qeyd edib ki, Qərbi Azərbaycanla bağlı məsələ ilk dəfə Ulu Öndər Heydər Əliyev tərəfindən siyasi və hüquqi əsaslarla gündəmə gətirilib. Prezident İlham Əliyevin qətiyyəti sayəsində bu mövzu bu gün Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib.
Ədalət Vəliyev konfrans iştirakçılarına Prezident İlham Əliyevin rəsmi müraciətini də çatdırıb.












































