Keniyada Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul keçirilib
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Keniya Respublikasına rəsmi səfəri çərçivəsində Nairobi şəhərində 28 May – Müstəqillik Günü və Azərbaycanın Keniyada səfirliyinin rəsmi açılışı münasibətilə təntənəli rəsmi qəbul təşkil olunub. Bu barədə məlumatı Azərbaycan Xarici İşlər Nazirliyi yayıb.
Tədbir Azərbaycan və Keniya dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Nazir Ceyhun Bayramov öz çıxışında 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk demokratik, hüquqi və dünyəvi dövlət olduğunu xatırladaraq, 1991-ci ildə bərpa olunan müstəqilliyin gücləndirilməsi istiqamətində görülən işlərə toxunub.
Nazir həmçinin Ümummilli Lider Heydər Əliyevin 1993–2003-cü illərdəki tarixi xidmətlərini və Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi siyasi, iqtisadi və sosial nailiyyətləri, 2020-ci il Vətən müharibəsi və 2023-cü il lokal antiterror tədbirləri nəticəsində əldə edilən ərazi bütövlüyünün və suverenliyin bərpasını vurğulayıb.
Tədbirdə, Azərbaycanın Cənubi Qafqazda sülh, əməkdaşlıq və inkişaf əsaslı yeni reallıqlar yaratdığı, postmünaqişə dövründə isə quruculuq və reinteqrasiya proseslərini uğurla davam etdirdiyi bildirilib. Nazir qeyd edib ki, Azərbaycanın Afrika ölkələri, xüsusən də Keniya ilə əməkdaşlığının dərinləşdirilməsi qarşılıqlı faydaya əsaslanır və bu baxımdan Nayrobidə səfirliyin açılması mühüm addımdır.
Ceyhun Bayramov tədbir iştirakçılarına təşəkkür edərək, Azərbaycan xalqının Müstəqillik Gününü Keniyalı tərəfdaşlarla birgə qeyd etməyin əhəmiyyətini vurğulayıb və gələcək əməkdaşlıqların daha da möhkəmlənəcəyinə ümidvar olduğunu bildirib.
Tədbirdə fəxri qonaq qismində iştirak edən Keniya Respublikasının mədən, mavi iqtisadiyyat və dənizçilik naziri Hassan Ali Joho isə Azərbaycanla dostluq əlaqələrini yüksək qiymətləndirib, ölkəmizin beynəlxalq arenada artan nüfuzuna dair fikirlərini bölüşüb.
Rəsmi ziyafətdə Azərbaycan musiqisi səsləndirilib, ölkəmizin mədəniyyəti və turizm imkanlarına dair video materiallar nümayiş etdirilib. Tədbirə Keniyanın hökumət və parlament üzvləri, diplomatik korpus, beynəlxalq təşkilatlar, ictimaiyyət nümayəndələri və Azərbaycan icmasının üzvləri qatılıb.












































