Azərbaycan və Səudiyyə Ərəbistanı arasında işgüzar əməkdaşlıq genişlənir. Ticarət evinin açılması, B2B görüşlər və birgə biznes təşəbbüsləri ilə əlaqələr dərinləşdirilir.
Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında biznes və iqtisadi əlaqələrin yaxın illərdə daha da gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Bu barədə “Report”un sorğusuna cavab olaraq Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məlumat verib.
İlk növbədə, işgüzar dairələr arasında daimi dialoqun qurulması və konkret layihələr əsasında tərəfdaşlığın inkişafı məqsədilə bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Əməkdaşlığın praktiki nəticələr verməsi üçün hər iki tərəf üçün maraq kəsb edən sahələrdə birgə layihələrin icrasına xüsusi diqqət yetiriləcək.
Azərbaycan Ticarət Evi Səudiyyə Ərəbistanında açılır
Azərbaycan məhsullarının ixrac potensialını artırmaq və bu bazarda tanıtım imkanlarını gücləndirmək məqsədilə Ciddə və ya Ər-Riyad şəhərində Azərbaycan Ticarət Evinin açılması planlaşdırılır. Bu təşəbbüs ixracatçı şirkətlər üçün yeni imkanlar yaradacaq və yerli məhsulların Səudiyyə bazarına çıxışını asanlaşdıracaq.
Səudiyyə Ərəbistanı investorları Azərbaycana dəvət olunur
Eyni zamanda, Səudiyyə Ərəbistanı investorlarının Azərbaycana marağını artırmaq üçün işgüzar görüşlər, investisiya təqdimatları və şəbəkələşmə tədbirləri təşkil olunur. Bu görüşlərdə iştirak edən iş adamlarına Azərbaycanın biznes mühiti, investisiya təşviqləri və ixrac imkanları barədə ətraflı məlumatlar təqdim edilir.
Azərbaycan–Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurası fəallaşır
İki ölkə arasında Azərbaycan–Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurası əməkdaşlığın davamlı və strukturlaşdırılmış şəkildə inkişaf etdirilməsində mühüm rol oynayır. İndiyə qədər Şuranın Bakı, Şuşa və Ər-Riyad şəhərlərində 6 iclası keçirilib.
Bu iclaslarda aşağıdakı sahələr üzrə əməkdaşlıq müzakirə olunub:
-
Sənaye və əczaçılıq
-
Kənd təsərrüfatı
-
Turizm və qida sənayesi
-
Tikinti, memarlıq və dizayn
-
Logistika və bərpa olunan enerji
B2B görüşlər və yeni təşəbbüslər
İkitərəfli B2B görüşlərdə KOB-lar arasında təcrübə mübadiləsi aparılıb və gələcək birgə biznes missiyalarının təşkili, tərəfdaşlıq əlaqələrinin təşviqi və konkret investisiya təşəbbüslərinin həyata keçirilməsi məsələləri müzakirə olunub. Tərəflər bir-birinin fəaliyyət istiqamətləri üzrə məlumat mübadiləsi apararaq əlaqələrin möhkəmləndirilməsində maraqlı olduqlarını ifadə ediblər.












































