Pakistanın cənubunda yerləşən Bəlucistan əyalətində partlayış baş verib. Yerli mətbuata istinadən yayılan məlumata görə, hadisə nəticəsində 2 nəfər həlak olub, daha 11 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
İlkin araşdırmalara əsasən, partlayış avtomobilə yerləşdirilmiş partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verib. Partlayışın gücü ətrafdakı avtomobillərə və mağazalara ciddi ziyan vurub. Hücumun hərbi obyektə yönəldiyi ehtimal olunur.
Partlayışdan dərhal sonra hadisə yerində silahlı şəxslərlə təhlükəsizlik qüvvələri arasında atışma baş verib. Hücumun təşkilində şübhəli bilinən şəxslərin müəyyən olunması və saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Hazırda partlayışla bağlı digər təfərrüatlar ictimaiyyətə açıqlanmır. Hadisə Pakistanın Bəlucistan əyalətində təhlükəsizlik məsələlərinin yenidən gündəmə gəlməsinə səbəb olub.












































