KİV: Son gündə Qəzzaya zərbələr nəticəsində 151 nəfər həlak olub

KİV: Son gündə Qəzzaya zərbələr nəticəsində 151 nəfər həlak olub

Mayın 18-də İsrailin Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində azı 151 nəfər həyatını itirib. Bu barədə Qətərin “Al Jazeera” telekanalı məlumat yayıb. Bildirilir ki, ölənlərdən 70 nəfəri Qəzza şəhəri və anklavın şimal bölgələrinin bombalanması zamanı həlak olub.

İsrailin Baş nazirinin ofisinin müşaviri Dmitri Gendelmanın sözlərinə görə, İsrail Müdafiə Ordusu hazırda Qəzza zolağında radikal HƏMAS hərəkatına qarşı həyata keçirilən “Gideonun arabaları” adlı hərbi əməliyyatın həlledici mərhələsinə keçib. Gendelman qeyd edib ki, quru qoşunları Qəzza zolağının dərinliklərinə doğru irəliləyir, HƏMAS-a məxsus mövqelərə dəqiq zərbələr endirilir və əsas hərbi obyektlər ələ keçirilir.

Son bir həftə ərzində İsrail aviasiyası tərəfindən yüzlərlə hədəf vurulub. Bu hədəflər arasında silah anbarları, yeraltı tunellər, raket buraxılış məntəqələri və HƏMAS üzvləri olub. Hərbi əməliyyatlar nəticəsində bölgədəki humanitar vəziyyət daha da gərginləşib.

Bundan əvvəl İsrailin Qəzza zolağında yaranan aclıq təhlükəsinin qarşısını almaq məqsədilə anklava ərzaq tədarükünə icazə verəcəyi açıqlanmışdı.