Türkiyə Respublikası Milli Təhlükəsizlik Şurasının Baş katibi Okay Memişin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olub və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətini ziyarət edib. Görüş Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının təşkilatçılığı ilə keçirilib.
Tədbirdə çıxış edən Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov, Azərbaycan və Türkiyə arasında olan qardaşlıq münasibətlərinin və strateji müttəfiqliyin dərin tarixi köklərə malik olduğunu qeyd edib. O, hərbi sahədə əməkdaşlığın genişlənməsinin vacibliyini vurğulayıb.
Öz növbəsində, Türkiyənin Milli Təhlükəsizlik Şurasının Baş katibi Okay Memiş iki ölkə arasında hərbi əməkdaşlıq və təcrübə mübadiləsinin daha da inkişaf etdirilməsinin əhəmiyyətindən danışıb.
Görüş zamanı aşağıdakı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb:
-
Hərbi xidmətə çağırış prosesi
-
Tibbi şəhadətləndirmə və möhlət hüququ
-
Səfərbərlik hazırlığı – dinc və müharibə dövründə
-
Proseslərin avtomatlaşdırılması və rəqəmsallaşdırma
Görüşün sonunda qonaqlara xatirə hədiyyələri təqdim olunub və birgə şəkil çəkdirilib.












































