Fariz İsmayılzadə: Hindistanın Ermənistanı silahlandırması Azərbaycan üçün milli təhlükəsizlik problemi yaradır

Fariz İsmayılzadə: Hindistanın Ermənistanı silahlandırması Azərbaycan üçün milli təhlükəsizlik problemi yaradır

Hindistanın Ermənistana göstərdiyi dəstək və hərbi avadanlıq göndərməsi Azərbaycanın milli təhlükəsizliyi üçün ciddi təhlükə yaradır. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Fariz İsmayılzadə komitədə keçirilən “Qlobal Cənubun yüksəlişi və Qərb: Azərbaycanın rolu, əməkdaşlıq və inkişaf üçün yeni imkanlar” mövzusunda keçirilən müzakirələr zamanı bildirib.

Deputat qeyd edib ki, Azərbaycanın beynəlxalq nüfuzu son illərdə sürətlə artıb:
“Xüsusilə COP29, Qoşulmama Hərəkatının sədrliyi və digər çoxtərəfli diplomatik platformalarda Azərbaycanın hörməti yüksəlib. Bu, azərbaycanlı diplomatların uğurlu fəaliyyətinin nəticəsidir.”

Fariz İsmayılzadənin sözlərinə görə, Azərbaycan bir çox qlobal güclər arasında incə balans siyasəti yürüdə bilir:
“İran və İsrail, Rusiya və Qərb, hətta Ukrayna məsələsində belə balanslı yanaşmamız var. Lakin Hindistan-Pakistan məsələsində eyni tarazlığı qura bilməmişik. Bu isə bizim üçün gələcəkdə strateji təhlükə ola bilər.”

Deputat əlavə edib ki, Hindistanın Ermənistana silah, raket və hərbi texnika göndərməsi artıq Cənubi Qafqaz regionunda balansı pozur və bu proses Azərbaycan üçün milli təhlükəsizlik problemi yaradır.