Azərbaycan və Çin arasında maneəsiz ticarət və rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlıq gücləndirilir
Azərbaycan və Çin arasında iqtisadi əməkdaşlıq yeni mərhələyə keçir. Prezident İlham Əliyevin Çinə səfəri çərçivəsində, Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Çinin Kommersiya Nazirliyi arasında ikitərəfli ticarət və investisiya sahəsində mühüm sənədlər imzalanıb.
Tərəflər arasında maneəsiz ticarət üzrə əməkdaşlığın dərinləşdirilməsi və rəqəmsal iqtisadiyyat sahəsində investisiya əməkdaşlığının gücləndirilməsi məqsədilə Anlaşma Memorandumları imzalanıb. Bu sənədlər Azərbaycan-Çin iqtisadi münasibətlərinin genişlənməsinə və müasir texnoloji sahələrdə tərəfdaşlığın inkişafına yeni imkanlar açır.
İmzalanma mərasimi Çin Sədri Si Cinpinin iştirakı ilə baş tutub. Sənədlərə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Çinin kommersiya naziri Van Ventao imza atıblar.
Bu razılaşmalar, ticarət axınlarının azad və sadələşdirilmiş şəkildə həyata keçirilməsi, həmçinin rəqəmsal texnologiyalara əsaslanan iqtisadi modelin qurulması baxımından hər iki ölkə üçün strateji əhəmiyyət daşıyır. Azərbaycan üçün bu addım rəqəmsallaşma və beynəlxalq investisiya mühitinin yaxşılaşdırılması istiqamətində mühüm stimul olacaq.












































