Qərbi Azərbaycan İcması Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb

Qərbi Azərbaycan İcması Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb

Qərbi Azərbaycan İcması 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb. Bəyanatda Ermənistan tərəfindən törədilmiş etnik təmizləmə və insanlıq əleyhinə cinayətlərdən əziyyət çəkmiş Qərbi azərbaycanlıların bu günü dərin kədərlə andığı qeyd edilib.

1918-ci il martın 31-də Bakıda baş vermiş kütləvi qətliam Azərbaycan torpaqlarında xalqımıza qarşı həyata keçirilmiş genişmiqyaslı soyqırımının bir hissəsidir. Ümummilli Lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanında da bildirildiyi kimi, azərbaycanlılara qarşı soyqırımı uzun illər ərzində aparılıb və məqsədi onları etnik qrup kimi məhv edərək tarixi Azərbaycan ərazilərini ələ keçirmək olub.

Bəyanatda vurğulanır ki, erməni siyasi birlikləri, silahlı qrupları və Ermənistan dövlət orqanları etnik nifrət və irqçi ideologiya zəminində azərbaycanlılara qarşı sistematik soyqırımı siyasəti həyata keçirib. Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı aktları Bakı, Şamaxı, Quba, Qarabağ, Naxçıvan, Lənkəran, İrəvan, Zəngəzur, Göyçə, Dərələyəz, Sürməli və digər bölgələrdə kütləvi qətliamlarla müşayiət olunub.

1948-1953 və 1987-1991-ci illərdə Ermənistan ərazisindən azərbaycanlıların tamamilə qovulması etnik təmizləmə siyasətinin davamıdır. Ermənistanın 1991-1994-cü illərdə Azərbaycan torpaqlarının 20 faizini işğal edərək törətdiyi qətliamlar və 800 min azərbaycanlının öz yurdundan didərgin salınması bu soyqırımı siyasətinin davamıdır.

Bəyanatda qeyd edilir ki, Ermənistan mono-etnik dövlət qurmaq məqsədilə Qərbi azərbaycanlıların qayıdış hüququna mane olur və irqçi siyasətini davam etdirir. Azərbaycan tərəfi Ermənistanı törətdiyi cinayətlərə görə məsuliyyəti qəbul etməyə, azərbaycanlıların təhlükəsiz şəkildə geri qayıtmasını təmin etməyə və dağıtdığı Azərbaycan mədəni irsini bərpa etməyə çağırır.