Meksikada “Ümumdünya İrs Şəhərləri Görüşü” Keçirilib
Meksika Parlamentinin San Lazaro Sarayında Deputatlar Palatasının Mədəniyyət və Kinematoqrafiya Komissiyası və Meksikanın Ümumdünya İrs Şəhərləri Milli Assosiasiyasının birgə təşkilatçılığı ilə “Ümumdünya İrs Şəhərləri Görüşü” baş tutub.
Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov tədbirdə çıxış edərək, Azərbaycanın tarixi abidələrin qorunmasına verdiyi önəmdən, İçərişəhər tarixi-memarlıq kompleksi və onun mühafizəsi üçün görülən işlərdən bəhs edib. O, eyni zamanda Bakının müasir memarlıq nümunələri, turizm potensialı və ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində atılan addımlar haqqında məlumat verib.
Tədbirdə Meksikanın Mədəniyyət və Kinematoqrafiya Komissiyasının sədri Alma Lidia De La Veqa Sançes, Ümumdünya İrs Şəhərləri Milli Assosiasiyasının sədri Enrike Fransisko Qalindo Sebayyos, BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) Meksika, Kuba və Mərkəzi Amerika üzrə proqram rəhbəri Fernanda Lonardoni və digər rəsmi şəxslər iştirak edib.












































